Accessibility links

BMT-nin ali məhkəməsi İsrailə Rəfahda hərbi əməliyyatı dayandırmasını əmr edib


Nümayişçi Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının qarşısında Fələstin bayrağını dalğalandırır. 24 may 2024-cü il.
Nümayişçi Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının qarşısında Fələstin bayrağını dalğalandırır. 24 may 2024-cü il.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədliyyə Məhkəməsi cümə günü İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərindəki “hərbi əməliyyatlarını dərhal dayandırmalı” olduğuna dair qərar çıxarıb. Bu qərar İsrailə Qəzzaya hücumu ilə bağlı beynəlxalq təzyiqi artırır. İsrail isə artıq buna əməl etməyəcəyini bildirib.

Qərarı oxuyan məhkəmə sədri Navaf Salam Rəfahda “son dərəcə həssas” əhalinin üzləşdiyi “son dərəcə ağır şərtlər”ə istinad edib.

O həmçinin məhkəmənin mülki vətəndaşların sərhəd şəhərindən İsrail tərəfindən təşkil edilən evakuasiyasının oradakı mülki vətəndaşların üzləşdiyi “böyük riski aradan qaldırmaq” üçün kifayət olması ilə bağlı şübhələrini ifadə edib.

Məhkəmənin qərarı Cənubi Afrikanın İsraili soyqırımda ittiham edən və fələstinli mlüki vətəndaşların sağ qalmasını təmin etmək üçün Rəfahda təcili tədbirin görülməsini tələb edən iş qaldırmasından bir həftə sonraya təsadüf edir.

Beynəlxalq Ədalət Məhkəməsi ölkələr arasında mübahisələrə baxan BMT-nin ali orqanıdır. Onun qərarları yekun olsa da, keçmişdə də onlara məhəl qoyulmayıb, çünki məhkəmənin qərarlarını icra etmək gücü yoxdur.

Ancaq məhkəmənin qərarı İsrail hökumətinə diplomatik təzyiqi artırır.

Cənubi Afrikanın beynəlxalq əlaqələr idarəsi cümə günü qərarı alqışlayıb.

“Cənubi Afrika məhkəmənin bu gün çıxardığı qərarı alqışlayır...Bu qərar orijinaldır, ona görə ki, bu ilk dəfədir ki, İsrail açıq şəkildə Qəzzanın hər hansı bir hissəsində hərbi əməliyyatlarını dayandırmağa çağırılır,” ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin baş direktoru Zeyn Danqor bildirib.

“Bu atəşkəsə de-fakto çağırışdır. Bu, münaqişədəki əsas tərəfə Fələstin xalqına qarşı döyüş hərəkətlərini dayandırmağı əmr edir,” Danqor qeyd edib.

Avropa İttifaqının xarici siyasət üzrə başçısı Cozep Borrell də qərara reaksiya verib. “[Aİ-nin] Beynəlxalq Ədalət Məhkəməsinin bu gün verdiyi qərara cavabı nə olacaq? Biz beynəlxalq qanunun aliliyi institutlarına dəstəyimiz ilə İsrailə dəstəyimiz arasında seçim etməli olacağıq.”

Belçika xarici işlər naziri Hadca Lahbib də Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dəstəkləyib. “@CIJ_ICJ (Beynəlxalq Ədalət Məhkəməsi) İsrailə Rəfaha hərbi hücumunu dayandırmağı əmr edib. [Belçika] qərarın dərhal icra edilməsinə çağırır. Qəzzada zorakılıq və insanların iztirabları dayandırılmalıdır. Biz atəşkəsə, girovların sərbəst buraxılmasına və iki dövlət arasında danışıqlara çağırırıq,” o deyib.

Təkcə bu həftə üç Avropa ölkəsi Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.

İsrail daha öncə Beynəlxalq Ədalət Məhkəməsində Qəzzaya hücumu ilə əlaqədar işini “faktlardan uzaq” adlandırıb. O, soyqırım ittihamlarını dəfələrlə əsassız adlandırıb və bildirib ki, Qəzzaya hücumu özünü-müdafiə məqsədi daşıyır və oktyabrın 7-də İsrailə hücum edən HƏMAS militantlarını hədəf alır.

İsrail hökumətinin sözçüsü cümə günü qərar açıqlanmadan öncə deyib ki, “Yer üzündə heç bir qüvvə İsrailin öz vətəndaşlarını müdafiə etməsinə və Qəzzada HƏMAS-ı təqib etməsinə mane olmayacaq.”

HƏMAS qərarı alqışlayan bəyanat yayıb, amma Reuters-ə bildirib ki, qərarda anklavın başqa hissələrinin də hücum altında olduğunu vurğulanmayıb.

“Biz bunun kifayət etmədiyinə inanırıq, çünki hərbi müdaxilənin aqressiyası Qəzza zolağı boyunca, xüsusən də Qəzzanın şimalında eyni dərəcədə qəddar və təhlükəlidir,” HƏMAS-ın yüksək rütbəli rəsmisi Basem Naim deyib.

İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatlar da İsrailin Rəfaha hərbi müdaxiləsinə qarşı çıxıb.

Şəhərdəki 2,3 milyon insanın təxminən yarısı başqa yerlərdəki döyüşlər səbəbilə ora sığınıb

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumu 35 mindən çox fələstinlinin ölümünə səbəb olub.

Forum

XS
SM
MD
LG