Accessibility links

Yəmən Husiləri Qəzzanı bombaladığına görə İsrailə raket və dron atdıqlarını bildirir


Yəmənin İranın dəstəklədiyi Husi qruplaşması İsrail ordusunun Qırmızı dəniz sahilindəki Eylat şəhəri yaxınlığında "havada hədəfi" vurduğunu bildirməsindən sonra çərşənbə axşamı İsrailə "çox sayda" pilotsuz təyyarə və ballistik raketlər atdığını bildirib.

Husi ordusunun sözçüsü Yəhya Sari televiziyaya verdiyi açıqlamada bunun İsraili hədəf alan üçüncü əməliyyat olduğunu və belə əməliyyatların daha çox olacağını deyib.

Sari Qəzza zolağında HƏMAS-a qarşı gedən müharibəyə işarə edərək, hücumların "İsrail təcavüzü" dayanana qədər davam edəcəyini bildirib.

Çərşənbə axşamı Eylat turizm kurortunun sakinlərini sığınacaq axtarmağa məcbur edən "düşmən təyyarələrinin müdaxiləsi" ilə bağlı ilkin xəbərdarlıqdan sonra İsrail ordusu "İsrail ərazisinə yaxınlaşan hava hədəfini müəyyənləşdirdiyini" bildirib.

"Mülki əhali üçün heç bir təhlükə və ya risk olmayıb və müdafiə əməliyyatı uğurla aparılıb" - deyə, ordu bildirib.

Çərşənbə axşamı Qırmızı dənizdən İsrail ərazisinə hər hansı raket və ya dron zərbəsi endirildiyi ilə bağlı məlumat verilməyib.

Yəmənin Husi lideri Əbdül-Məlik Əl-Husi oktyabrın 10-da deyib ki, ABŞ Qəzza münaqişəsinə birbaşa müdaxilə edərsə, qrup pilotsuz təyyarələr və raketlərlə cavab verəcək və digər hərbi seçimlərə əl atacaq.

Husilər özlərini İraqda İranın dəstəklədiyi şiə müsəlman fraksiyalarını və Livanın Hizbullah qruplaşmasını əhatə edən "Müqavimət məhvəri"nin bir hissəsi kimi görür.

Hərəkat 2015-ci ildən bəri yüz minlərlə insanın ölümünə səbəb olan münaqişədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı mübarizə aparırıb. Döyüşlər zamanı husilər Körfəzdəki strateji obyektləri, xüsusilə də Səudiyyə Ərəbistanındakı enerji obyektlərini hədəfə alıblar.

Forum

XS
SM
MD
LG