Accessibility links

Razılaşmadan sonra Qəzzada saxlanan girovlara dərman çatdırılacaq


Qəzzada HƏMAS militantları tərəfindən saxlanılan girovlar üçün dərmanlar Fransa və Qətərin vasitəçiliyi ilə çərşənbə günü çatdırılacaq.

Fransa dərmanların xroniki xəstəlikləri olan 45 girov üçün nəzərdə tutulduğunu və çatdırılmanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin yardımı ilə həyata keçiriləcəyini bildirib.

Qətər dediyinə görə, müqavilədə Qəzza zolağındakı fələstinli mülki əhali üçün də dərman və digər humanitar yardımlar var.

HƏMAS militantları oktyabrın 7-də İsrailə etdiyi hücum zamanı 240-a yaxın insanı oğurlayıblar və İsrailin hesablamalarına görə, təxminən 1200 nəfəri qətlə yetirib. İsrail bu hücumdan sonra HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyaya başlayıb.

Noyabr ayında müvəqqəti atəşkəs zamanı 100-dən çox girov azad edilsə də, təxminən 130 nəfərin hələ də HƏMAS tərəfindən Qəzzada saxlandığı güman edilir.

Birləşmiş Ştatlar çərşənbə axşamı Qətərin vasitəçiliyi ilə aparılan danışıqların HƏMAS və İsrail arasında atəşkəs müqabilində girovların azad edilməsinə dair yeni razılaşmaya nail oluna biləcəyinə ümid etdiyini bildirib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evdə keçirdiyi brifinq zamanı jurnalistlərə "Danışıqlarımız davam etdiyi üçün mən burada çox açıq danışmaq istəmirəm, lakin ümid edirik ki, bu, öz bəhrəsini verəcək və bəhrəsini tezliklə verəcək" deyib.

Müharibə İsrail ordusunun Qəzzanın cənubunda şübhəli casusları dindirməyə məsul olduğunu dediyi HƏMAS zabiti də daxil olmaqla, 6 fələstinli döyüşçünü öldürdüyünü deməsi ilə çərşənbə günü də davam edib.

Qəzzanın səhiyyə orqanlarının bildirdiyinə görə, İsrail qüvvələri son bir gündə Fələstin anklavında 163 nəfəri öldürüb ki, bu da müharibədə ölənlərin sayını 24 448-ə çatdırıb. Bu rəqəmə həm HƏMAS döyüşçüləri, həm də mülki şəxslər daildir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayında müharibə başlayandan bəri İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində də 350-dən çox fələstinlini öldürüb. Ölüm halları əsasən etirazlar və İsrailin hərbi reydləri zamanı baş verib.

Forum

XS
SM
MD
LG