Accessibility links

İsrail ordusu planlaşdırılan hücumdan əvvəl Rəfahın şərqindən təxliyəyə çağırır


İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, İsrailin bölgəyə planlaşdırdığı hücumundan əvvəl Rəfahın şərq bölgələrindəki insanlar hərbçilərin genişlənmiş humanitar bölgə adlandırdığı və hazırda Xan Yunisi də əhatə edən əraziyə getməlidir.

Sosial mediada ərəb dilində məlumat yerləşdirən İsrail Müdafiə Qüvvələrinin sözçüsü İsrail ordusunun Rəfahdakı terror təşkilatlarına qarşı güc tətbiq edəcəyini və ərazidə qalan hər kəsin öz həyatını riskə atacağını bildirib.

İsrail ordusunun sözçüsü ordunun Rəfahda "məhdud əhatəli əməliyyat" hazırladığını və təxminən 100 min insanın bölgəni tərk etməsini istənildiyini deyib.

İsrail Qəzza zolağında HƏMAS silahlı qruplaşmasını məhv etmək üçün hazırladığı kampaniyası zamanı əvvəllər də xəbərdarlıqlar edib. İsrailin Qəzzanın digər bölgələrini tərk etmələri barədə xəbərdarlığından sonra Rəfahdakı fələstinlilərin çoxu sığınacaq üçün oraya gedib.

İsrail ordusunun təqdim etdiyi xəritələr daha əvvəl yalnız Xan Yunisin qərbindən başlayaraq, Qəzza sahili boyunca humanitar zonanı göstərirdi. Bazar ertəsi edilən açıqlamada bu ərazi həm sahil boyunca şimala, həm də Xan Yunis daxil olmaqla, şərqə doğru genişlənib.

İsrail HƏMAS-ı məğlub etmək üçün Rəfaha hücumun zəruri olduğunu bildirib. ABŞ, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr isə İsrailə Qəzza əhalisinin yarıdan çoxunun sığındığı bölgəyə genişmiqyaslı hücum həyata keçirdiyi təqdirdə potensial humanitar fəlakətlə bağlı xəbərdarlıq edib.

Reuters xəbər agentliyi yüksək rütbəli HƏMAS rəsmisinə istinadən Rəfahın evakuasiya əmrininin "nəticələri təhlükəli olacaq eskalasiya" adlandırıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar günü İsrailin müdafiə naziri Yoav Qallantla telefon danışığında bu məsələni bir daha vurğulayıb.

Pentaqonun bəyanatında deyilir ki, Austin "bütün girovların qeyd-şərtsiz geri qaytarılmasına sadiqliyini bir daha təsdiqləyib və İsrailin Rəfahda hər hansı potensial hərbi əməliyyatına fələstinli mülki əhalinin təxliyəsi və humanitar yardım axınının davam etdirilməsi planının daxil edilməsinin zəruriliyini vurğulayıb".

İsrailin Müdafiə Nazirliyi Qallantın Austinə Rəfahda hərbi əməliyyatların aparılmasının vacibliyini və bunun alternativinin olmadığını vurğuladığını bildirib.

BMT-nin Fələstinlilərə Yardım Agentliyi (UNRWA) bazar ertəsi sosial mediada bildirib ki, İsrailin Rəfahdakı əməliyyatının "daha çox mülki əhalinin iztirab və ölümünə səbəb olacaq" və orada sığınan 1 milyondan çox insan üçün "fəlakətli" nəticələr verəcək.

Forum

XS
SM
MD
LG