İsrail ordusunun bildirdiyinə görə, Qəzza zolağının şimalında İsrail tanklarının açdığı atəş nəticəsində 5 hərbçisi həlak olub. Ordu insidentdə tankların qarşılıqlı atəşi zamanı daha üç əsgərinin yaralandığını bildirib.
Bununla da oktyabr ayında başlayan müharibədən bəri İsrailin həlak olan əsgərlərinin sayı 273-ə çatıb.
Cümə axşamı eləcə də, ABŞ ordusu Qəzza zolağına humanitar yardımın çatdırılması üçün yeni marşrutun yaradılmasına imkan verəcək müvəqqəti estakadanın Qəzzada çimərliyə quraşdırılmasının tamamlandığını bildirib.
ABŞ Mərkəzi Komandanlığı yardım yük maşınlarının "yaxın günlərdə sahilə çıxmağa başlamasının gözlənildiyini" və yüklərin qəbulu və paylanmasının koordinasiyasından BMT-nin cavabdeh olacağını bildirib.
Yeni dəniz dəhlizi bir neçə hissədən ibarətdir. Yardım ilk olaraq Kiprdə təftiş və təhlükəsizlik yoxlamalarından keçir. Daha sonra yüklər Qəzza sahilində ABŞ tərəfindən inşa edilmiş üzən estakadaya aparılır və yük maşınlarına köçürülür. Daha kiçik bərələr isə yük maşınlarını Qəzza sahilində yeni salmış körpüyə aparır.
Bu tənzimləmə yardım təşkilatlarının dediyinə görə, kifayət qədər olmasa da, fələstinli mülki vətəndaşları üçün ərzaq, dərman və digər ləvazimatları artırmaq səylərinin bir hissəsidir. Bəzi yardım qrupları dəniz dəhlizinin ən yaxşı həll yolu olmadığını deyərək, yardım axınının quru keçidlər vasitəsilə artırılmasının daha effektiv olacağını iddia edir.
Bu arada, İsrailin müdafiə naziri Yoav Qallant çərşənbə günü İsrailin HƏMAS-la müharibəsi bitdikdən sonra Qəzzanı idarə etmək planını hazırlaya bilmədiyi üçün baş nazir Benyamin Netanyahunu tənqid edib. Lakin İsrail lideri militantlar məğlub olana qədər bunu etməyin mənası olmadığını deyib.
İki lider arasında qeyri-adi fikir ayrılığının olduğu bir vaxt, Qallant televiziyaya verdiyi açıqlamasında təxminən 2,3 milyon fələstinlinin məskunlaşdığı Aralıq dənizi sahilində yerləşən Qəzza zolağına İsrail ordusunun və ya mülki nəzarətin yaradılmasına qarşı olduğunu bildirib.
"Oktyabr ayından bəri mən bu məsələni Nazirlər Kabinetində ardıcıl olaraq qaldırıram və heç bir cavab almamışam" - deyə, Qallant bildirib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və İsrailin Qəzzada HƏMAS militantlarına qarşı davam edən əks hücumundan bəri Netanyahu dəfələrlə Qəzzada müharibədən sonrakı idarəçilik planını hazırlamaqdan imtina edib.
Forum