Accessibility links

İsrail hərbçiləri İordan çayının qərb sahilində iki fələstinlini öldürüb


Fələstin və İsrail media mənbələrinin bildirdiyinə görə, İsrail ordusu cümə günü səhər İordan çayının qərb sahilindəki Tubas şəhəri yaxınlığında iki fələstinlini güllələyib.

Medianın verdiyi məlumata görə, İsrail əsgərlərinin Tubasda maşına atəş açması nəticəsində bir nəfər ölüb. Daha bir fələstinli İsrail ordusunun Tubasın cənubundakı Əl-Fərə qaçqın düşərgəsinə etdiyi reyd zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində öldürülüb.

İsrail ordusu bu xəbərlərlə bağlı şərh verməyib.

Son zorakılıqlar cümə axşamı, ordunun Qəzza zolağına humanitar yardım çatdırmaq, eləcə də Qəzzanın şimalında yeni quru keçidin tikintisi üçün "yeni və təkmilləşdirilmiş tədbirləri" elan etməsindən sonra baş verib.

İsrailin hərbi sözçüsü, kontr-admiral Daniel Haqari video bəyanatında deyib ki, yeni keçid "çətin ərazilərdən keçə bilməyən yük maşınlarının mülki əhaliyə daha çox yardımı birbaşa çatdırmasına imkan verəcək̉".

Beynəlxalq humanitar yardım qrupları aylardır İsrail ordusunun tətbiq etdiyi ləngimələr və döyüşlər səbəbindən Qəzzanın şimalı kimi bölgələrə təhlükəsiz girişin olmamasını əsas gətirərək, Qəzzaya yük maşınları ilə yardımın çatdırılmasına olan maneələrdən şikayətlənir.

Haqari İsrailin yeni keçiddən gündə 50 yük maşınının keçəcəyini gözlədiyini və Qəzza zolağına hər gün gedən yük maşınlarının ümumi sayının tədricən 350-dən təxminən 500-ə yüksələcəyini deyib.

Birləşmiş Millətlər Təşkilatı oktyabr ayında İsrail-HƏMAS müharibəsi başlamazdan əvvəl Qəzzaya gündə təxminən 500 yük maşınının yardım apardığını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü İsrailin müdafiə naziri Yoav Qallantla telefon danışığı zamanı deyib ki, Birləşmiş Ştatlar İsraildən humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və hücumun təkrarlanmaması üçün yardım qrupları ilə koordinasiya etmək üçün üzərinə götürdüyü öhdəliklərə tez bir zamanda əməl etməsini gözləyir.

Cümə axşamına olan məlumata görə, 250-dən çox humanitar və insan haqları təşkilatı İsrailə və Fələstinin silahlı qruplaşmalarına silah göndərilməsinə son qoymağa çağırıb.

Dövlət Departamentinin bildirdiyinə görə, Blinken və Qallant həmçinin Qəzzada HƏMAS terror qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutan atəşkəs razılaşması üzrə davam edən danışıqları da müzakirə edib.

Forum

XS
SM
MD
LG