Accessibility links

Qəzza Zolağında "kövrək" atəşkəs davam edir


Belə görünür ki, Misirin vasitəçiliyi ilə İsraillə Qəzzadakı İslami Cihad militantları arasında imzalanmış “kövrək” atəşkəs razılığı bazar ertəsi səhər saatlarında davam edib. Nisbi sakitlik 15-i uşaq olmaqla, azı 44 fələstinlinin ölümü ilə nəticələnən gərgin münaqişənin sona çatacağına dair ümidləri artırıb.

Rəsmi olaraq bazar günü yerli vaxtla gecə saat 23:30-da başlayan atəşkəs keçən il Fələstinin sahil ərazisini viran qoymuş 11 günlük döyüşlərdən bəri Qəzzada sülhü bərpa etmək məqsədi daşıyır.

Atəşkəs ərəfəsində çox sayda zərbə və raket hücumlarına və İsrailin cənubunda sirenlərin səslənməsinə baxmayaraq, tərəflərdən heç biri razılaşmanın ciddi şəkildə pozulması barədə məlumat verməyib.

İsrail ordusunun atəşkəsdən üç dəqiqə sonra açıqladığı bəyanatında “İsrail ərazisinə atılan raketlərə cavab olaraq, hazırda Qəzzadakı İslami Cihad qruplaşmasına aid hədəfləri vurur” deyilib.

Sonrakı açıqlamasında isə ordu “son” zərbələrinin saat 23:25-də həyata keçirdiyini bildirib.

Hər iki tərəf atəşkəsə razılıq versə də, hər biri digərinə hər hansı zorakılığa güclə cavab verəcəyi barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti Co Bayden atəşkəsi alqışlayıb və Misir prezidenti Əbdülfəttah Əs-Sisiyə ölkəsinin vasitəçiliyinə görə təşəkkür edib. Bayden həmçinin baş verənləri “faciə” adlandırıb və mülki əhali narasında itkilərlə bağlı araşdırmaya çağırıb.

“Vəziyyət hələ də çox kövrəkdir və mən bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıram,” BMT-nin Yaxın Şərqdə Sülh üzrə elçisi Tor Vennesland bəyanatında deyib.

Cümə günündən bəri İsrail Qəzzadakı İslami Cihad mövqelərinə havadan və ağır artilleriyadan hücumlar edib. Militantlar cavab olaraq yüzlərlə raket atıb.

XS
SM
MD
LG