İsrail tankları şənbə günü Qəzzanın mərkəzi və cənubuna doğru irəliləyərək, Əl-Bureyc, Nuseyrat və Məğazi qaçqın düşərgələrini və cənubdakı Xan Yunis şəhərini artilleriya atəşinə tutub. HƏMAS-ın idarə etdiyi ərazidə səhiyyə rəsmilərinin məlumatına görə isə, intensiv hava hücumları son 24 saatda Qəzzada 165 nəfərin ölümünə, 250 nəfərin yaralanmasına səbəb olub.
Misir sərhədi yaxınlığına minlərlə qaçqının sığınmaq üçün qaçdığı Xan Yunisdə kiçik anklavın cənubundakı ən böyük və ən mühüm tibb müəssisəsi olan Nasser xəstəxanası yaralılarla dolub.
İsrail ordusu bildirib ki, Qəzzanın şimalında Beit Lahiada HƏMAS-ın iki kompleksi dağıdılıb.
BMT-nin yardım konvoyu atəşə tutulub
BMT rəsmiləri Qəzzada yardım karvanının İsrail qüvvələri tərəfindən hədəf alınmasını pisləyib.
BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi UNRWA-nın direktoru Tomas Vayt cümə günü X-də bildirib ki, “İsrail əsgərləri İsrail ordusunun təyin etdiyi marşrutla Şimali Qəzzadan qayıdan yardım konvoyunu atəşə tutub.”
BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatru Martin Qriffit cümə günü bildirib ki, humanitar konvoy Qəzzanın şimalından Rəfaha “aydın şəkildə işarələnmiş” maşınlarda hərəkət edərkən atəşə tutulub.
“Münaqişə dayandırılmalıdır,” Qriffit deyib.
O bildirib ki, humanitar yardım işçilərinə hücumlar “qanunsuzdur.”
İnsidentdə xəsarət alan olmayıb. Bir maşına ziyan dəyib. İsrail ordusu dərhal şərh verməyib.
İsrail-Suriya hava hücumları
İsrail şənbə günü Suriyanın Hələb şəhərini hava hücumları ilə hədəf alıb və bu, maddi ziyana səbəb olub. Bu barədə Suriyanın müdafiə nazirliyi bəyanatında məlumat verib.
“İsrail Aralıq dənizi istiqamətindən, Latakiyanın qərbindən Hələb şəhərinin cənubundakı bir sıra məntəqələri hədəfə alaraq hava hücumu həyata keçirib,” məlumatda bildirilir.
Qüdsdə İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edib.
Reuters-in məlumatına görə, Suriyanın sərhəd rəsmiləri ilə əlaqələri olan mənbələr deyib ki, hücumlar səkkiz yük maşınından ibarət karvanı hədəf alıb. Rəsmilər bildirib ki, həmçinin İranın dəstəklədiyi yarı-hərbi qrupların istifadə etdiyi üç bina da hədəf alınıb.
İraq yarı-hərbi qruplarının iki üzvü The Associated Press-ə bildirib ki, İsrailin gecə boyu Suriyanın şərqində həyata keçirdiyi havadan zərbələr İraqla strateji sərhəd keçidi yaxınlığında İranın dəstəklədiyi altı militantı öldürüb.
İsrail illərlə Tehranın 2011-ci ildə başlayan vətəndaş müharibəsində Prezident Bəşər Əl-Əsədi dəstəkləməyə başlayandan bəri nüfuzunun artdığı Suriyada İranla əlaqəsi olduğunu dediyi hədəflərə qarşı hücumlar edib
600 000 vaksin çatdırılıb
UNICEF cümə günü Qəzzaya ən az 600 min vaksin çatdırıb. Agentliyin məlumatına görə, oktyabr ayında İsraillə HƏMAS arasında döyüşlər başlayandan bəri, təxminən 17 min qəzzalı uşağa, poliomelit və qızılca daxil olmaqla, rutin peyəndlər vurulmayıb.
UNICEF Ümumdünya Səhiyyə Təşkilatı və UNRWA ilə birlikdə peyvənd olunmayan uşaqlara çıxış əldə etməyə çalışır.
İsrailin Qəzzanın mərkəzi və cənubunda hücumlarını genişləndirməsi on minlərlə fələstinlini Rəfahda sığınacaq axtarmağa vadar edib. BMT-yə əsasən, Rəfahın əhalisi üç qat artaraq 850 minə çatıb.
“İnsanlar hər hansı boş yerdən istifadə edərək, daxmalar tikirlər,” UNRWA-nın sözçüsü Culiet Tuma bildirib. “Bəziləri maşınlarında, digərləri isə açıq havada yatırlar.”
Əksər sular çirklənib. Kanalizasiya sistemi sıradan çıxıb, nadir hallarda işlək tualet tapmaq olur.
Qəzzada vəziyyət pisləşir
UNRWA-nın başçısı Filip Lazzarini cümə günü bildirib ki, Qəzzanın demək olar bütün əhalisi, ərzaq daxil olmaqla, beynəlxalq yardımdan asılıdır. O deyib ki, keçən həftə BMT-nin yardımın daxil olmasının dərhal və maneəsiz artırılmasını tələb edən qətnaməsinə baxmayaraq, heç bir artım müşahidə olunmayıb.
Lazzarini deyib ki, yardım əməliyyatları İsrail rəsmilərinin “ciddi məhdudiyyətləri” ilə üzləşir. Onun dediiynə görə, yük maşınları Misirlə sərhəddə Rəfah keçidi və İsraildən yeni açılan Kerem Şalom keçidində uzun ləngimələrlə üzləşir.
O deyib ki, Qəzza boyu davamlı bombardman və döyüşlər, İsrail ordusunun nəzarət-buraxılış məntəqələri, və telekommunikasiyadakı kəsilmələr, habelə tez-tez gələn yardım maşınlarını sıxışdıran və ləvazimat götürən çıxılmaz izdiham yardımın çatdırılmasına əngəl olur.
İsrail Qəzzanın mərkəzinin sakinlərinə cənuba getmələrini söyləyib, amma hətta orada insanlar təhlükəsiz deyil.
Forum