Accessibility links

İsrail ordusu Rəfahın mərkəzinə doğru irəliləyir, Qəzza zolağına zərbələr endirməkdə davam edir


İsrail qüvvələri cümə günü Qəzza zolağı boyu hədəflərə zərbələr endirib. Şahidlərin bildirdiyinə görə, təxminən səkkiz aydır davam edən müharibənin son hədəfi olan cənub şəhəri Rəfah ətrafında hava hücumları həyata keçirilib.

İsrail Qəzzanın Misirlə sərhədindəki şəhərdə sığınan mülki əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq etirazlara baxmayaraq, mayın əvvəlində Rəfaha hərbi müdaxiləyə başlayıb.

Həftə sonu köçkün düşərgəsində yanğına və onlarla insanın ölümünə səbəb olan hücum yeni qınaq dalğası ilə qarşılanıb.

Şahidlər cümə günü İsrailin Rəfah bölgəsi ilə yanaşı Qəzza zolağının mərkəzi Nuseyrat şəhərinə də hava hücumları həyata keçirdiyini bildirib. France Press agentliyi müxbirinin verdiyi məlumata görə, şimalda intensiv bombardmanlar olub.

Deyr Əl-Balahdakı xəstəxana və Nuseyrat qaçqın düşərgəsindəki tibbi mənbələrin bildirdiyinə görə, gecə ərzində ayrı-ayrılıqda iki yerə endirilən zərbələr ümumilikdə 11 nəfərin həyatına son qoyub.

İsrail ordusu qoşunlarının Rəfah bölgəsində "əməliyyatlarını davam etdirdiyini" və "şəhərin mərkəzində raket qurğuları, silahlar və tunellər" aşkar etdiyini bildirib.

O əlavə edib ki, hava hücumu həmin ərazidə bir militantı "hədəf alaraq, məhv edib".

İsrail ordusu eləcə də detalları açıqlamadan bildirib ki, Qəzzanın mərkəzində növbəti hava zərbələri qoşunların "yaxınlığında fəal olan bir neçə terrorçunu məhv edib".

Fələstinli militant qruplaşmanın oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra dəfələrlə HƏMAS-ı məhv edəcəyinə söz verən İsrail çərşənbə günü ordusunun Qəzza-Misir sərhədi boyunca silah qaçaqmalçılığı həyata keçirildiyini iddia etdiyi 14 kilometrlik Filadelfi dəhlizini ələ keçirdiyini bildirib.

İsrail cümə axşamı bildirib ki, onun qüvvələri Rəfahda hərbi əməliyyatlara başladıqdan sonra 300-ə yaxın fələstinli militantı öldürüb.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın oktyabr ayında İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu nəticəsində Qəzzada, əksəriyyəti qadın və uşaq olmaqla, 35 800-dən çox insan öldürülüb.

Forum

XS
SM
MD
LG