Accessibility links

İsrail Rəfahda HƏMAS-ın saxladığı iki girovu azad edib, Rəfaha hücumlar nəticəsində onlarla insan ölüb


Girovlar Fernando Marman (sağda) və Luis Har (soldan ikinci) Qəzza zolağında əsirlikdən xilas edildikdən sonra İsrailin Ramat Ğan şəhərində Şeba Tibb Mərkəzində qohumlarını qucaqlayır, 12 fevral 2024.
Girovlar Fernando Marman (sağda) və Luis Har (soldan ikinci) Qəzza zolağında əsirlikdən xilas edildikdən sonra İsrailin Ramat Ğan şəhərində Şeba Tibb Mərkəzində qohumlarını qucaqlayır, 12 fevral 2024.

İsrail bazar ertəsi Rəfahda HƏMAS militantlarının saxladığı iki girovu azad edib. Lakin 1 milyona yaxın mülki əhalinin dörd aydır davam edən bombardmanlardan qaçaraq sığındığı Qəzzanın cənubundakı şəhərə edilən hava hücumları nəticəsində azı 67 fələstinli həyatını itirib.

İsrail hərbi qüvvələri, Şin Bet təhlükəsizlik xidməti və xüsusi polis bölməsi İsrail-Argentina ikili vətəndaşlığı olan 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Luis Harı xilas etdiklərini bildirib. Bu iki nəfər oktyabr ayında HƏMAS militantlarının İsrailə 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumu zamanı girov götürdüyü 240-a yaxın insanın arasında idi.

Dörd aydan sonra Qəzzanın səhiyyə rəsmiləri 28 mindən çox fələstinlinin öldürüldüyünü və təxminən 68 min fələstinlinin yaralandığını, Aralıq dənizi boyunca dar ərazinin çox hissəsinin İsrailin hava və qurudan hücumları nəticəsində xarabalığa çevrildiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi keçirilən girovların xilas edilməsi əməliyyatını yüksək qiymətləndirərək, Rəfahda HƏMAS-ın dörd batalyonunu məhv etmək üçün quruda hücum planlarına dair beynəlxalq etirazları rədd edib. O, həftə sonu Rəfahda sığınan məcburi köçkünlərin ərazidən "təhlükəsiz keçid"lə təmin ediləcəyini desə də, onların hara köçürüləcəyi ilə bağlı heç bir təfərrüat verməyib.

Netanyahu girovları xilas edən İsrail qüvvələrini alqışlayaraq, "Fernando və Lui, evə xoş gəlmisiniz" deyib. "Yalnız tam qələbəyə qədər davam edən hərbi təzyiq bütün girovlarımızın azad edilməsinə səbəb olacaq" - deyə, o əlavə edib.

Noyabr ayında bir həftəlik atəşkəs zamanı 100 nəfərin azad edilməsindən sonra ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS-ın hələ də 100-ə yaxın girovu saxladığı güman edilir. İsrail hərbçiləri 31 nəfərin əsirlikdə olduğu müddətdə öldüyünü və ya öldürüldüyünü bildirib.

Forum

XS
SM
MD
LG