Cümə axşamı səhər Qüdsdə M-16 avtomatı və tapança ilə silahlanmış iki nəfərin şəhərin qərbində nəqliyyatın sıx olduğu avtobus dayanacağında insanlara atəş açması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
İsrail mediasının məlumatına görə, hücum nəticəsində 24 yaşlı qadın və 73 yaşlı ravin öldürülüb. Öldürülən üçüncü qadının yaşı barədə hələlik dəqiq məlumat yoxdur. Üç nəfərin ağır, daha üç nəfərin isə yüngül xəsarət aldığı bildirilib.
Hərbi qulluqçular və bir silahlı mülki şəxs hücumçulara cavab atəşi açıb. Nəticədə onlardan biri ölüb, ikincisi isə ağır yaralanıb. Hücum edənlərin hadisə yerinə Şərqi Qüdsdən avtomobillə gəldiyi bildirilib. İsrail polisi hadisəni terror aktı kimi araşdırır.
Bu hadisə İsrail ilə ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınan Fələstinin radikal HƏMAS qruplaşması arasında müharibə fonunda baş verib. Hazırda Qəzza zolağında hərbi əməliyyatlarda müvəqqəti humanitar fasilə elan edilib.
Hələlik fələstinli qruplaşmalarından heç biri terror aktında əli olduğunu bəyan etməyib. İsrail təhlükəsizlik qüvvələri hücum edənlərin qardaş olduğunu deyib. Onların hər biri əvvəllər terrorla bağlı ittihamlarla həbsdə olub.
İsrailin milli təhlükəsizlik naziri Itamar Ben Qvir hücum edənlərin HƏMAS-la əlaqəli olduğunu bildirib.
Forum