Accessibility links

İsrail rəsmiləri Sinvarın öldürülməsinin atəşkəs üçün fürsət verə biləcəyini deyir


İsrail rəsmiləri deyirlər ki, HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi hələ də Qəzzada saxlanılan israilli girovları azad edəcək razılaşma üçün yeni şans yaradır. HƏMAS-ı terror təşkilatı elan edən ABŞ artıq yeni atəşkəs razılaşması üçün çağırış etməyə başlayıb.

İsrail Sinvarın öldürüldüyünü təsdiqlədikdən sonra İsrailin baş naziri Binyamin Netanyahu lentə alınan müraciətində şərə ağır zərbə vurulduğunu və HƏMAS-ın bir daha Qəzzaya nəzarət etməyəcəyini deyib. O, Qəzza sakinlərini HƏMAS-ın zülmündən xilas olmağa çağırıb. İsrailli analitiklərin dediyinə görə, Sinvarın ölümü girovların azad edilməsi üçün yeni imkanlar yarada bilər.

Netanyahu silahını yerə qoyub israilli girovları geri qaytaran hər kəsə gedib yaşamağa icazə veriləcəyini deyib. O, bununla sağ qalan HƏMAS üzvlərinin Qəzzanı tərk edib üçüncü ölkəyə sürgün edilməsinə icazə veriləcəyi ehtimalına işarə edib.

İsrailin Siyasət İnstitutundan Şira Efron Sinvarın ölümünün Qəzzada böyük dəyişikliklərə təkan verə biləcəyini deyib.

Efron "Onun HƏMAS liderlərindən sonuncusu, həm də 7 oktyabr hücumunun təşkilatçısı olaraq ölümü İsrailə total qələbə ağacından enməsi və "Yaxşı, biz müharibədə qalib gəldik" deməsi üçün nərdivan verir. Biz Qəzzada müharibəni sonlandıra və yerdə başqa reallığa doğru irəliləyə bilərik" deyə, bildirib.

Bununla belə, HƏMAS-ın lideri olaraq Sinvarı kimin əvəzləyəcəyi və onun razılıq imzalayıb-imzalamayacağı bəlli deyil. Ən çox ehtimal olunan namizəd Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvardır. Lakin o, HƏMAS-da qardaşı kimi nüfuza malik deyil.

Hələ də Qəzzada saxlanılan 101 girovun ailələri üçün Sinvarın ölümü qohumlarını evlərinə qaytarmaq üçün yeni, bəlkə də sonuncu fürsət yaradır. İsrail rəsmiləri girovların təxminən yarısının hələ də sağ olduğuna inandığını bildirir, ancaq bəziləri onların sayının daha da az olduğunu deyir. Girovların qaytarılması müqabilində atəşkəs razılaşmasının imzalanması aylardır müzakirə olunsa da, nə Netanyahu, nə də Sinvar bunu qəbul etməyib.

Hazırda gələcək qarşısında ən gözlənilməz olan İrandır. İsrail bu ayın əvvəlində raket hücumuna görə İrandan qisas alacağına söz verib. İran isə bunu edərsə, İsrailə cavab zərbəsi endirəcəyini vəd edib.

Regional müharibə Qəzzada İsrail və HƏMAS arasında bir ildir davam edən müharibəyə son qoyulmasında istənilən irəliləyişi tez bir zamanda kölgədə qoya bilər.

Forum

XS
SM
MD
LG