Accessibility links

İsrailin Dəməşq yaxınlığında hava zərbələri nəticəsində altı hərbçi ölüb


Bazar ertəsi İsrailin Dəməşq yaxınlığında sübh çağı endirdiyi zərbələr nəticəsində Suriyanın dörd əsgəri və İranın dəstəklədiyi qüvvələrin iki döyüşçüsü həlak olub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, hava zərbələri Suriya rejiminin qüvvələrini, Tehranın dəstəklədiyi silahlı qrupların istifadə etdiyi hərbi mövqeləri və silah anbarlarını hədəf alıb.

10 ildən çox davam edən müharibə ərzində qonşu İsrail Suriya ərazisinə yüzlərlə hava zərbəsi endirib. İlk növbədə İranın dəstəklədiyi qüvvələr və Hizbullah döyüşçüləri, eləcə də Suriya ordusunun mövqeləri hədəf alınıb.

"Tehranın dəstəklədiyi qrupların mövqelərinə, sursat və silah anbarlarına endirilən hava zərbələri nəticəsində biri zabit olmaqla, dörd suriyalı əsgər, eləcə də İranın dəstəklədiyi qruplaşmanın iki döyüşçüsü həlak olub," qrupun rəhbəri Rami Əbdül Rəhman France Press agentliyinə bildirib.

O, zərbələr nəticəsində rejim qüvvələrindən ikisinin və beş xarici döyüşçünün yaralandığını, onlardan dördünün vəziyyətinin ağır olduğunu deyib.

Suriyanın daxilində geniş şəbəkəyə əsaslanan Britaniya mərkəzli monitorinq İsrailin Dəməşq Beynəlxalq Hava Limanı, Dimas Hava Limanı və Kisveh yaxınlığındakı əraziləri hədəf alıb, paytaxta yaxın əraziləri - İranın dəstəklədiyi qruplara məxsus silah və sursat anbarlarını məhv edib.

Bazar ertəsi səhər dövlət mediası hərbi mənbəyə istinadən zərbələr nəticəsində dörd Suriya əsgərinin öldüyünü, daha dörd əsgərin isə yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG