Accessibility links

İsrail Baydenin təhdidlərindən sonra ABŞ-ın tələblərini yerinə yetirmək üçün addımlar atır


ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Netanyahuya İsrailin müharibə davranışına düzəliş etmədiyi təqdirdə, onun siyasətini dəyişəcəyi ilə bağlı xəbərdarlığından bir gün sonra İsrail daha çox yardıma icazə vermək üçün addımlar atıb və yeddi beynəlxalq yardım işçisinin ölümünə səbəb olan hava hücumu ilə əlaqədar iki zabitin işdən çıxarıldığını elan edib.

İsrail Müdafiə Qüvvələri aprelin 1-də baş verən insidentlə bağlı araşdırmasının yekunlaşdığını elan edən bəyanatda briqada komandiri və briqada qərargah rəisinin vəzifəsindən azad ediləcəyini bildirib. Briqada komandiri, bölük komandiri və cənub komandanlığının rəisi töhmət alıb.

İsrail Müdafiə Nazirliyinin bəyanatında məsul zabitlərin beynəlxalq ərzaq yardımı qrupu "World Central Kitchen"nə aid üç yardım maşınını səhvən HƏMAS militantlarının gizləndiyinə inandıqları yük maşınları ilə səhv saldıqları deyilib.

Cümə günü Brüsseldən yola düşməzdən əvvəl hava limanında müxbirlərlə danışan dövlət katibi Antoni Blinken ABŞ-ın İsrail ordusunun araşdırma hesabatını "çox diqqətlə" nəzərdən keçirdiyini və bundan sonra İsrail rəsmiləri və humanitar təşkilatlarla müzakirələr aparacağını bildirib.

O, "İsrailin bu hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürməsi çox vacibdir. Daha vacibi, belə bir hadisənin bir daha təkrarlanmamasını təmin etmək üçün irəliyə doğru addımların atıldığından əmin olmaqdır" deyib.

İsrail Müdafiə Qüvvələri hesabatı Blinken cümə günü Avropa liderlərinin yanında çıxış edərkən "World Central Kitchen" komandasının ölümünə görə "ictimai cavabdehlik" tələb edəndən sonra açıqlayıb.

İsrail daha əvvəl Qəzzaya girib-çıxmaq üçün yeganə sərnişin terminalı olan Erez keçidinin yenidən açılması da daxil olmaqla humanitar yardımın çatdırılmasını daha da asanlaşdırmaq üçün addımlar atdığını açıqlayıb.

O həmçinin humanitar yardım çatdırılmalarının Aşdod limanından keçməsinə icazə verir ki, bu da İordaniyadan daha çox yardımın keçməsinə imkan verəcək. Hökumət icazə veriləcək malların miqdarı və ya növləri barədə ətraflı məlumat verməyib.

Blinken İsrailin Erez və Aşdodu açmaqla bağlı açıqlamalarını alqışlayıb, ancaq "əsl sınaq nəticələrdir" deyib.

"Gələcək günlərdə və həftələrdə görmək istədiyimiz şey prioritetləşdirmək, humanitar yardımı artırmaq, onu ehtiyacı olan insanlara çatdırmaq, onu təmin edən insanların təhlükəsizliyindən əmin olmaq və mülki şəxsləri - HƏMAS-ın səbəb olduğu bu atışmanın ortasında qalanları qorumaq üçün bütün səyləri maksimum dərəcədə artırmaqdır," o deyib. "Bundan sonra bu atışmanın ortasında ilişib qalan çox sayda insanın öldürülüb, yaralanmasına imkan verə bilmərik."

O vurğulayıb ki, "əhalinin demək olar ki, 100%-i kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkir" və xəbərdarlıq edib ki, Vaşinqton "potensial aclığa dair işarələrin geri çevrilməsini" izləyəcək.

Forum

XS
SM
MD
LG