Hizbullah rəhbərinin müavini deyib ki, Livanda yerləşən silahlı qrup İsrailə qarşı mübarizəni davam etdirməyə və uzun çəkəcək müharibəyə hazırdır.
Naim Kassemin televiziya ilə yayımlanan bəyanatı İsrailin hava hücumu nəticəsində Hizbullahın uzun müddətdir lideri olan Həsən Nəsrullahın öldürülməsindən bir neçə gün sonraya təsadüf edib və bu, Hizbullahın yüksək səviyyəli rəsmisinin zərbədən sonra ilk ictimai şərhi olub.
Kassemin dediyinə görə, Hizbullah yeni liderin adını ən qısa zamanda açıqlayacaq.
Bazar ertəsi İsrailin Beyrutdakı yaşayış binasına havadan hücumu İsraillə Hizbullah silahlı qruplaşması arasında təxminən bir il əvvəl başlayan sərhədyanı qarşıdurmalardan bəri şəhər daxilinə ilk hücumu olub.
"Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi" adlı fələstinli militant qrup hücum zamanı azı 3 üzvünün öldüyünü bildirib.
İsrail ordusu bazar ertəsi səhər saatlarında bölgəyə zərbələr endirdiyindən bəhs etməsə də, Livanın cənub və şərqində Hizbullah hədəflərinə hava zərbələri endirdiyini bəyan edib
İsrail cümə günü Hizbullah lideri Həsən Nəsrullahı öldürən hücum da olmaqla, Beyrutun ətrafını hədəf alıb.
İsrailin Qəzza zolağında HƏMAS militantları ilə də döyüşdüyü üçün bu hücum regionda münaqişənin genişlənmə qorxusunu daha da artırıb.
HƏMAS-ın bildirdiyinə görə, İsrailin Livanın cənub Tir liman şəhərindəki Əl-Bus qaçqın düşərgəsinə havadan endirdiyi zərbə nəticəsində onun Livandakı lideri həyat yoldaşı və 2 uşağı ilə birlikdə ölüb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro gərginliyi azaltmaq üçün bazar ertəsi Livanda olub. Livana bazar günü gecə çatan Barro Livanın baş naziri Nəcib Mikatiyə fransızların İsrailin Livana zərbələrini dərhal dayandırmağa çalışdığını deyib.
Səudiyyə Ərəbistanı bazar ertəsi Livandakı vəziyyətlə bağlı "böyük narahatlığını" ifadə edib və Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bəyan edib.
ABŞ prezidenti Co Bayden bazar günü axşam jurnalistlərə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışacağını bildirib. Geniş bir müharibənin qarşısını almaq olarmı sualına Bayden "Olmalıdır" deyib.
Livanın Səhiyyə Nazirliyi son iki həftədə 1000-dən çox insanın öldüyünü və 6000-dən çox insanın yaralandığını bildirib. Ölənlər arasında neçə militant, neçə mülki şəxs olduğu bildirilmir. Bundan əlavə, Livan hökumətinin dediyinə görə, evlərini tərk edən təxminən 250 min insan sığınacaqlarda qalır.
Döyüşlər İsraildə 49 nəfərin həyatına son qoyub, on minlərlə insan isə sərhədə yaxın ərazidən didərgin düşüb.
Nəsrullah və Hizbullahın digər liderləri ilə yanaşı İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavinini də öldürüb. İranın Xarici İşlər Naziri Nəsrullahın ölümünün "cavabsız qalmayacağını" deyib və Tehran onun üçün beş gün matəm elan edib.
Hizbullah keçən il oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə qarşı müharibənin başlamasına səbəb olan hücumundan sonra İsrailin şimalına raket, mərmi və dronlar atmağa başlayıb. Hizbullah və HƏMAS özlərini İsrailə qarşı İranın dəstəklədiyi "Müqavimət Oxu"nun bir hissəsi hesab edən müttəfiqlərdir.
Forum