Accessibility links

İsrailin Rəfaha hava hücumu, altısı uşaq olmaqla, ən azı 9 fələstinlinin ölümünə səbəb olub


İsrail, demək olar, yeddi aydır mühasirədə olan fələstinli ərazidə hücumunu davam etdirdiyi bir vaxtda, Qəzzanın ən cənubundakı şəhərdə bir evə endirdiyi hava zərbəsi ən azı doqquz nəfərin ölümünə səbəb olub ki, onlardan altısı uşaqdır. Bu barədə şənbə günü xəstəxana rəsmiləri məlumat verib.

İsrailin İslamçı militant qrup olan HƏMAS-a qarşı müharibəsi onsuz da qeyri-sabit Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artmasına gətirib çıxarıb.

Qəzzanın mülki müdafiəsinin məlumatına görə, cümə günü gec saatlarda endirilən zərbə Rəfah şəhərinin Tel Sultan məhəlləsində yaşayış binasına tuş gəlib. Altı uşaq, iki qadın və bir kişinin cəsədi Rəfahın Əbu Yusif əl-Nəccar xəstəxanasına aparılıb.

Xəstəxanada qohumları uşaqların ağ kəfənə bürünmüş cəsədlərini qucaqlayaraq ağlayıblar, digərləri isə onları sakitləşdirməyə çalışıb.

Ölənlər arasında Abdel-Fəttah Sübhi Rədvan, həyat yoldaşı Nəcla Əhməd Aveidah, onların üç uşağı var. Bu barədə onun həyat yoldaşının qardaşı Əhməd Barhum deyib. Barhumun həmçinin öz həyat yoldaşı Rəvan Rədvan və onların beş yaşındakı qızı Alaanın da həlak olduğunu bildirib.

“Bu, bütün insani dəyərlərdən, əxlaqlardan məhrum bir dünyadır,” Barhum şənbə günü səhər əlində Alaanın cansız bədənini tutaraq The Associated Press-ə bildirib. “Onlar didərgin düşən insanlar, qadın və uşaqlarla dolu evi vurdular. Orada qadın və uşaqlardan başqa şəhid yox idi.”

Şəhərə gecə endirilən ikinci zərbədə hər hansı qurban qeydiyyata alınmayıb.

Qəzzanın 2.3 milyonluq ümumi əhalisinin yarısından çoxu hazırda Misirlə sərhəddə yerləşən Rəfahda qalır. Onların əksəriyyəti ərazinin şimalında gedən döyüşlər səbəbilə didərgin düşüb.

Beynəlxalq ictimaiyyətin, o cümlədən İsrailin ən sadiq müttəfiqi olan ABŞ-ın təmkinli olmağa dair çağırışlarına baxmayaraq, İsrail hökuməti aylardır, geridə qalan HƏMAS militantlarının çoxunun Rəfahda qaldığını bildirərək, şəhərə qurudan hücum etmək niyyətində olduğunu israr edir.

Bu cür quru əməliyyat hələ ki, həyata keçirilməsə də, İsrail ordusu dəfələrlə şəhər və ətrafına havadan zərbələr endirib.

Müharibə HƏMAS və başqa militant qrupların oktyabrın 7-də İsrailin cənubuna, əksəriyyəti mülki vətəndaş olmaqla, 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. İsrail 130 nəfərin hələ də Qəzzada girov saxlanıldığını bildirir, baxmayaraq ki, onlardan 30-nun ya oktyabrın 7-də hücum zamanı ya da girov saxlanıldıqları zaman öldüyü təsdiqlənib.

Qəzza səhiyyə nazirliyi şənbə günü bildirib ki, son 24 saatda İsrailin hava hücumu nəticəsində ölən 37 nəfərin cəsədi Qəzzada xəstəxanalara çatdırılıb. Xəstəxanalara həmçinin 68 yaralı daxil olub. Nazirliyin bildirdiyinə görə, ən son rəqəmlərə əsasən, İsrail-HƏMAS müharibəsi nəticəsində ölən fələstinlilərin sayı ən az, 34 049-a, yaralıların sayı isə 76,901-ə çatıb. HƏMAS-ın idarə etdiyi səhiyyə orqanları tələfat sayında döyüşçülərlə mülki şəxslər arasında fərq qoymasa da, onlar ölənlərin ən azı üçdə ikisinin qadın və uşaqlar olduğunu bildirir.

Forum

XS
SM
MD
LG