Accessibility links

İsrail Qəzzanın mərkəz və cənubuna hava hücumları həyata keçirib, fələstinlilər yenidən sığınacaq axtarır


Fələstinli mülki vətəndaşlar İsrailin son evakuasiya əmrindən sonra çərşənbə günü yeni sığınacaqlar axtardıqları bir vaxt İsrail qüvvələri Qəzza zolağının mərkəzi və cənubunda hücumlar həyata keçirib.

İsrail ordusu ölkənin cənubundakı Rəfah şəhərində HƏMAS döyüşçülərini hava zərbələri ilə hədəf aldığını, Qəzzanın şimalındakı Şucəyya bölgəsində isə quru əməliyyatlarının aparıldığını bildirib.

Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı İsrailin Qəzza zolağının cənubunun böyük bir hissəsi üçün təxliyə əmrindən dərin narahatlığını ifadə edib. BMT on minlərlə mülki vətəndaşın əzab çəkdiyini bildirib.

BMT sözçüsü Stephan Düjarrik "Xan Yunis və Rəfah vilayətlərində 117 kvadrat kilometr ərazinin boşaldılması ilə bağlı dünənki əmr Qəzza zolağının təxminən üçdə birinə aiddir və bu, sakinlərin Qəzzanın şimalını boşaltması əmrinin verildiyi oktyabr ayından bəri ən böyük göstəricidir" deyib.

Fələstinli qaçqınlara yardım edən BMT Qaçqınlara Yardım Agentliyi (UNRWA) hesab edir ki, sərəncamın verildiyi vaxt həmin ərazilərdə təxminən 250 min insan yaşamış ola bilərdi.

Düjarrik bu ərazilərdəki insanların yenidən köçmək, demək olar ki, heç bir yeri və ya xidmətləri olmayan ərazilərə qaçmaq, ya da döyüşlərin olacağını bildiklərinə baxmayaraq, həmin yerlərdə qalmaq kimi "mümkün olmayan seçim" qarşısında qaldıqlarını deyib.

Onun sözlərinə görə, yeni evakuasiya əmri əksəriyyəti köçkünlərin yerləşdiyi 90-dan çox məktəbi, həmçinin dörd tibb məntəqəsini əhatə edir.

İsrail qüvvələri çərşənbə axşamı da Qəzza zolağının cənubunda hücumlar həyata keçirib. Fələstin səhiyyə rəsmiləri Xan Yunisda azı 8 nəfərin öldüyünü bildirib.

İsrail adətən hərbi əməliyyatlardan əvvəl dəfələrlə fələstinlilərə Qəzzanın müəyyən hissələrini tərk etmələrini bildirib. İsrail bu addımın mülki əhalini müharibədən qorumaq məqsədi daşıdığını deyib.

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə 1200 nəfərin ölümü, 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. İsrailin Qəzzada əks-hücumu nəticəsində 38 minə yaxın fələstinli ölüb.

Forum

XS
SM
MD
LG