Accessibility links

İsrail Hərbi Hava Qüvvələri Qəzzanın şimalına və cənubuna zərbələr endirib


İsrail ordusunun çərşənbə günü bildirdiyinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının təcili humanitar atəşkəs tələb edən, yardım imkanlarını genişləndirən və fələstinlilərin məcburi köçürülməsini rədd edən qətnaməsinə veto qoymasından bir gün sonra Qəzzanın şimal və cənubuna hava hücumları həyata keçirib.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsindkilər də daxil olmaqla, onlarla militantın öldürüldüyünü bildirib.

HƏMAS-ın Qəzzada idarə etdiyi Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, ötən gün ərzində 118 ölüm qeydə alınıb və bu, müharibə başlayandan bəri ölən fələstinlilərin ümumi sayı 29 313-ə çatdırıb. Nazirllik 69 333 nəfərin yaralandığını bəyan edib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Əlcəzair tərəfindən hazırlanmış qətnamənin "HƏMAS-dan girovları azad etməsini tələb edən razılaşma olmadan dərhal, qeyd-şərtsiz atəşkəs tələbi davamlı sülh gətirməyəcək" deyib.

Bir neçə həftədir ki, ABŞ, Misir, Qətər və İsrail bütün girovların azad edilməsinə və döyüşlərdə uzunmüddətli fasiləyə yönəlmiş danışıqlara cəlb olunub.

Tomas-Qrinfild "Bu, HƏMAS və İsrail arasında döyüşləri uzada bilər, keçmiş girovlar tərəfindən "cəhənnəm" kimi təsvir edilən təcrübəni - girovların əsirlikdə qalma müddətini uzada bilər və fələstinlilərin Qəzzada üzləşdiyi dəhşətli humanitar böhranı genişləndirə bilər. Heç birimiz bunu istəmirik" deyib.

Əlcəzair ilk olaraq 15 üzvdən ibarət Təhlükəsizlik Şurasına mətni üç həftə əvvəl təqdim edib və bu danışıqlara vaxt vermək üçün səsverməni təxirə salıb. Lakin ölkənin səfiri Amar Bendcəma susmağın artıq bir seçim olmadığını və şuranın hərəkətə keçməsinin vaxtı çatdığını deyib.

O, İsrailin 1,5 milyon fələstinlinin sığındığı cənubdakı Rəfah şəhərinə yaxınlaşan təhlükə ilə bağlı "Biz sürətlə yaxınlaşan zorakılıq mexanizmini dayandırmaq çağırışının əhəmiyyətini itirəcəyi kritik bir dövrə çatırıq" deyib.

"Bu gün hər bir fələstinli ölüm, məhv və soyqırım hədəfidir. Biz özümüzdən soruşmalıyıq - Şura atəşkəsə çağırmağı zəruri sayana qədər nə qədər günahsız insan qurban verilməlidir?" - deyə, o bildirib.

Əlcəzairin təqdim etdiyi mətn şuranın güclü dəstəyinə malik idi və 13 üzv onun lehinə səs verdi, Britaniya bitərəf qaldı, ABŞ isə veto qoydu. Vaşinqton atəşkəs tədbirinin qarşısını almaq üçün üçüncü dəfədir şuranın vetosundan istifadə edir.

İsrailin nümayəndəsi atəşkəs ideyasını sehrli həll deyil, "cəfəngiyyat" adlandırıb.

Səfir Gilad Erdan "Bəs nəyə görə təhlükəsizliyə cavab verən şura bu canavarların hakimiyyətdə qalmasına yardım etməyə bu qədər diqqət yetirir?" deyə, soruşub və HƏMAS-a fürsət verilərsə, yenidən İsrailə hücum edəcəyi barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG