Accessibility links

İsrail qüvvələri Qəzzanın mərkəzi və cənubuna zərbələr endirməyə davam edir


Sakinlər və İsrail ordusunun məlumatına görə, İsrailin hərbi qüvvələri cümə günü Qəzzanın mərkəzi və cənub hissələrinə zərbələr endirib. Fələstinli Qızıl Aypara Cəmiyyəti bildirib ki, Rəfahın qərbində Məvasidə didərgin düşən insanların qaldığı çadırlara hücum nəticəsində ən azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Fələstinlilər bildirib ki, hücum İsrail qüvvələri Rəfahın hələ ki, zəbt etmədikləri qərb və şimal hissələrinə doğru irəlilədiyi bir vaxtda, tankdan açılan atəş nəticəsində baş verib. İsrailin quru qüvvələri HƏMAS döyüşçüləri ilə döyüşdüyü bir vaxtda, tanklar, təyyarələr və sahilə yaxın gəmilərdən atılan bombalar çox sayda fələstinlini şəhərdən qaçmağa vadar edib.

Rəfahın bəzi sakinləri Reuters-ə bildirib ki, İsrail son günlərdə sürətini artırıb.

“Ötən gecə Rəfahın qərbindəki ən pis gecələrdən biri idi. Dronlar, təyyarələr, tanklar və donanma qayıqları ərazini bombaladı. Biz elə hiss edirik ki, işğal şəhərinin nəzarətini tam əl keçirməyə çalışır,” 45 yaşlı Hatəm mesaj vasitəsilə Reuters-ə bildirib.

“Onlar müqavimət döyüşçülərindən ağır zərbələr alırlar ki, bu da bəlkə də onları yavaşladır,” Hatəm əlavə edib.

İsrail Rəfahda HƏMAS-a qarşı əməliyyatına may ayının əvvəlində başlayıb. Qəzzanın mərkəzindəki Der-Əl-Bəlah da həmçinin İsrailin diqqət mərkəzindədir.

Səhiyyə rəsmiləri bildirib ki, cümə günü Məvasi və Qəzza şəhəri daxil olmaqla, Qəzzada 38 fələstinli öldürülüb. Fələstinli mülki müdafiə agentliyi İsrailin Qəzza şəhərində bələdiyyənin qarajına hava hücumu nəticəsində beş nəfərin həlak olduğunu bildirib.

BMT Baş katibi Antoni Quterreş cümə günü Nyu Yorkda BMT-nin qərargahının önündə müxbirlərlə söhbətində, ən son döyüşlərlə bağlı suala cavab olaraq yenidən Qəzzada təcili atəşkəsə və bütün girovların sərbəst buraxılmasına çağırıb.

“Mülki vətəndaşlara dramatik təsiri olan hərbi əməliyyatı davam etdirmək heç bir problemi həll etmir,” o deyib.

Baş katib həmçinin Qəzzada yardımın anklava çatdırılıb, ehtiyacı olan insanlara paylanmasını çətinləşdirən özbaşınalığı şərh edib. Quterreş deyib ki, Qəzza daxilində asayişin pozulması yük maşınlarının çoxunun silahlı fələstinli dəstələr tərəfindən talan edilməsinə imkan yaradıb.

Quterreş deyib ki, Qəzzadakı müharibə başqa müharibələrdən fərqlidir. Belə ki, İsrail bir əraziyə hücum edib, onu bombalayır, daha sonra isə onu işğal etmək və təhlükəsizliyi təmin etmək yerinə başqa əraziyə keçir. Bunun nəticəsi olaraq Qəzzanın böyük bir hissəsində rəhbərlik yoxdur. O deyib ki, ərazidə minimum qayda-qanun olmalıdır, buna görə də atəşkəsə böyük ehtiyac var.

Baş katib mətbuat brifinqini İsrailin Livanla sərhədində İsraillə Hizbullah arasında döyüşlərin artmasının əleyhinə xəbərdarlıq etmək üçün təşkil edib.

İki tərəf oktyabr ayında Qəzzada münaqişə başlayandan bəri sərhədin hər iki tərəfində hücumlar həyata keçirib.

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, 1200 nəfəri ölüdürüb, 250 adamı girov götürməsindən sonra başlayıb.

İsrailin cavab olaraq Qəzzada apardığı hərbi əməliyyat nəticəsində ərazinin böyük bir hissəsi dağılıb, 37 400-dən çox insan ölüb, 85 600-dən çox insan yaralanıb.

Forum

XS
SM
MD
LG