Accessibility links

İsrail qüvvələri Rəfahda təxliyə planını təqdim edib, BMT Qəzzaya yardım əməliyyatlarından narahatlıq bildirir


İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bazar ertəsi bildirib ki, İsrail hərbi qüvvələri Rəfahda HƏMAS militantlarına qarşı planlaşdırılan quruda hücumundan əvvəl Qəzzanın cənubundan yüz minlərlə fələstinlinin təxliyyə edilməsi planını onun hərbi kabinetinə təqdim edib, lakin onların haraya göndəriləcəyi ilə bağlı heç bir təfərrüat verilməyib.

İsrailin HƏMAS-a qarşı təxminən beş aya yaxındır davam edən müharibəsində əsas müttəfiqi olan Birləşmiş Ştatlar Qəzza zolağının Misirlə sərhədinin şimalında yerləşən Rəfahda sığınacaq tapan fələstinliləri ilk növbədə təhlükəsiz şəkildə təxliyə etmədən İsrailə quruda hücuma keçməməsi ilə bağlı xəbərdarlıq edib. Netanyahu HƏMAS militantlarına qarşı növbəti hücumun İsrailə həftələr ərzində müharibədə qalib gəlməyə imkan verə biləcəyini deyib.

Bəyanat Netanyahunun Qəzza əhalisinin yarıdan çoxunun müharibədən qaçaraq sığındığı Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücum planlarını təqdim edəcəyi vədindən sonra verilib.

Bazar ertəsi açıqlanan bəyanatda fələstinlilərin hara gedə biləcəyi ilə bağlı heç bir təfərrüat verilməyib.

Rəfah Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşir. Şimaldakı ərazilər dörd aydır davam edən müharibə səbəbindən viran qalıb və Misir sərhədlərini açmayacağını bildirib.

Birləşmiş Millətlər Təşkilatı İsrailin mülki əhalinin köçürülməsi və artıq humanitar yardıma ehtiyacı olan insanların məskunlaşdığı əraziyə hücum etmək planlarından narahatlığını ifadə edib.

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi Qəzzaya humanitar yardımın "kifayət etmədiyini" və İsrailin Rəfaha hücumunun bu səylərə böyük zərər verəcəyini bəyan edib.

"İsrailin şəhərə hücumu təkcə orada sığınan bir milyondan çox fələstinli mülki əhali üçün qorxulu olmayacaq, həm də yardım proqramlarımızın tabutuna vurulan son mismar olacaq"- deyə, Quterreş bildirib.

İsrail bazar ertəsi Qəzza zolağının şimalında, Qəzza şəhərinin şərqindəki Zeytun bölgəsində, eləcə də Qəzzanın cənubundakı Xan Yunisdə onlarla militantın öldürüldüyünü bildirib.

İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, Hizbullah militant qruplaşmasına "Livanın dərinliklərində" zərbələr endirir. Təhlükəsizlik mənbələri zərbələrin Baalbek şəhəri yaxınlığına endirildiyini bildirib.

Müharibə boyu İsrail və HƏMAS-ın müttəfiqi Hizbullah arasında sərhəd boyunca atəş mübadiləsi olub ki, bu da münaqişənin genişlənməsi qorxusunu artırıb.

HƏMAS-ın Qəzzada idarə etdiyi Səhiyyə Nazirliyi bazar ertəsi bildirib ki, son sutka ərzində azı 90 nəfər ölüb. Bununla da İsrailin hərbi əməliyyatları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, ölən fələstinlilərin sayı 30 min nəfərə çatıb. Nazirlik 70 043 nəfərin yaralandığını bildirib. İsrail ordusu 12 min HƏMAS döyüşçüsünün öldürüldüyünü bildirib.

Forum

XS
SM
MD
LG