Accessibility links

İsrail prezidenti tarixdə ilk dəfə olaraq BƏƏ-yə səfər edəcək


İsrail prezidenti İsaak Hersoq ölkələr arasında münasibətlərin normallaşmasından sonra yüksək səviyyəli diplomatik səfərin bir hissəsi kimi bu ayın sonunda BƏƏ-yə tarixi səfər edəcək.

Hersoqun ofisindən bildirilib ki, birinci xanımla səfər edəcək prezident 30-31 yanvar tarixlərində səfəri zamanı Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüşəcək.

"İsrail prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərini etməklə tarix yazmaqdan qürur duyuruq", deyə Herzoqun bəyanatında bildirilir və ölkələrin "yeni birgə gələcəyin əsaslarını qoyduqları" qeyd edilib.

Onun ofisindən bildirilib ki, Hersoq Dubay rəhbəri və yüksək səviyyəli hökumət rəsmiləri ilə də görüşəcək və Dubay Expo sərgisini ziyarət edəcək.

Səfər zəngin BƏƏ-nin onilliklər boyu davam edən ərəb konsensusunu pozması və İsraillə diplomatik əlaqələr qurmasından təxminən 16 ay sonraya təsadüf edir.

Bu addım fələstinliləri qəzəbləndirən, "Abraham Sazişləri" kimi tanınan ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra müqavilələrin bir hissəsi idi.

Baş nazir Naftali Bennett keçən ay BƏƏ-yə səfər edən ilk İsrail hökumət başçısı kimi tarixə düşüb. Bu səfər qismən İsrailin təhlükəsizlik prioritetlərindən biri olan İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlarla bağlı idi.

Hersoq BƏƏ-yə rəsmi səfər edən ilk İsrail dövlət başçısı olacaq.

O söz verib ki, ölkələr arasında “yeni cəsarətli tərəfdaşlıq” “Yaxın Şərqi dəyişdirəcək” və İsrail "Abraham Sazişləri"ni imzalayan ərəb dövlətlərinin siyahısını genişləndirmək niyyətindədir.

Razılaşmalar ABŞ-ın sabiq prezidenti Donald Trampın dövründə əldə edilib, lakin prezident Co Bayden administrasiyası tərəfindən təsdiqlənib.

Bəhreyn və Mərakeş də razılaşmalara əsasən İsraillə əlaqələri normallaşdırıb.

Sudan buna razılıq verib, lakin Xartumda qeyri-sabitlik fonunda rəsmi diplomatik münasibətlər hələ yaradılmayıb.

XS
SM
MD
LG