Accessibility links

İsrail atəşkəslə bağlı danışıqlar fonunda Xan Yunisə zərbələr endirib


İsrail hərbi qüvvələri çərşənbə axşamı Qəzzanın cənubundakı Xan Yunis bölgəsində reydlər keçirdiyini, Fələstin rəsmiləri isə İsrailin eyni məntəqəyə hava hücumları nəticəsində azı 17 nəfərin öldüyünü bildirib.

Fələstin rəsmilərinin bildirdiyinə görə, zərbələr Həmad məhəlləsindəki Avropa xəstəxanasının yaxınlığına endirilib.

İsrail hərbi qüvvələri Həmaddakı terrorçu infrastrukturunu hədəf aldığını, dinc sakinlər arasında gizlənən onlarla HƏMAS və "İslami Cihad" döyüşçüsünü həbs etdiyini bildirib.

Qəzzada döyüşlər Misirdə danışıqlar da daxil olmaqla, atəşkəsə nail olmaq üçün müzakirələrin keçirildiyi vaxt davam edib.

İsrail Qahirə danışıqlarından kənarda qalıb və Qəzzada militantların hələ də saxladığı girovların adlarının siyahısını təqdim etmədiyinə görə HƏMAS-ı günahlandırıb.

HƏMAS-ın yüksək rütbəli rəsmisi çərşənbə axşamı jurnalistlərə deyib ki, razılaşmanın əldə edilməməsinə görə İsrailin Baş naziri Binyamin Netanyahu günahkardır və hərəkətə keçmək İsrailin müttəfiqi ABŞ-ın əlindədir.

ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar ertəsi HƏMAS-ı girovların dərhal azad edilməsi və Qəzzaya humanitar yardımın artırılmasına imkan verəcək altı həftəlik atəşkəs razılaşmasının şərtlərini qəbul etməyə çağırıb.

Harris İsrailin müharibə kabinetinin üzvü Benni Qantzı Ağ Evdə qəbul edib və HƏMAS-ın oktyabrın 7-də terror hücumunu və Amerika vətəndaşları da daxil olmaqla, girov götürməsini pisləyib.

"İsrailin özünü müdafiə etmək hüququ var. Həddindən artıq çox fələstinli mülki sakin, dinc, günahsız insanlar öldürüldü. Biz daha çox yardımın çatdırılmasına çalışmalıyıq. Biz girovları azad etməliyik" - deyə, Harris görüşdən əvvəl Bayden administrasiyasının münaqişə ilə bağlı mövqeyini bildirib.

Harris və Qantz həmçinin İsrailin Qəzzanın cənubunda bir milyondan çox insanın sığındığı Rəfah şəhərində gözlənilən hərbi əməliyyatını müzakirə ediblər. O, İsrailin HƏMAS-a qarşı hər hansı böyük hücuma başlamaq qərarı verməsindən əvvəl orada real humanitar planın həyata keçirilməli olduğunu deyib və belə bir əməliyyatın mülki əhali üçün nəticələrindən narahatlığını ifadə edib.

ABŞ İsrailin atəşkəslə bağlı parametrləri imzaladığını, lakin ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS-la Qahirə danışıqlarında təfərrüatların hələ müəyyən edilmədiyini bildirib.

Forum

XS
SM
MD
LG