Fələstinin səhiyyə rəsmiləri bazar ertəsi bildirdyinə görə, İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri nəticəsində azı 22 nəfər ölüb.
Şahidlər və həkimlər hava hücumlarının Rəfahdakı üç evi dağıtdığını bildirib.
Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən bölgə hazırda Qəzza əhalisinin yarıdan çoxunun sığındığı yerdir. Belə ki, insanlar İsrailin HƏMAS silahlı qruplaşmasının məhv edilməsinə yönəlmiş hərbi kampaniyasından qaçaraq, bu şəhərə sığınıb.
İsrail ordusu bazar ertəsi bildirib ki, onun döyüş təyyarələri Livanın cənubunda Hizbullah militantlarına zərbələr endirib.
HƏMAS rəsmiləri bazar ertəsi Misirdə İsrailin təklif etdiyi atəşkəslə bağlı son danışıqlara getməli idi. Bu razılaşma döyüşlərin həftələrlə dayandırılmasını və HƏMAS tərəfindən Qəzzada saxlanılan girovların azad edilməsinini nəzərdə tutur.
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu bazar günü telefonla Qəzzada İsrail və HƏMAS militantları arasında təxminən 7 aya yaxındır davam edən müharibəni müzakirə etsə də, Ağ Ev bəyanatında atəşkəsin qaçılmaz olduğuna dair heç bir işarə yoxdur.
Ağ Evin bəyanatında deyilib ki, liderlərin "Qəzzada dərhal atəşkəs və girovların azad edilməsi üçün davam edən danışıqları nəzərdən keçirib".
Atəşkəslə bağlı ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aylardır davam edən danışıqlar dalana dirənib.
Ağ Ev Netanyahu ilə telefon söhbəti zamanı Baydenin 17 dünya liderinin HƏMAS-dan saxladığı 100-ə yaxın girovu dərhal azad etməsini və atəşkəsə razılıq verməsini tələb etdiyini qeyd edib. ABŞ döyüşləri altı həftə müddətinə dayandırmağa çalışır.
HƏMAS İsraildən müharibəni dayandırmağı və Qəzzanı tərk etməyi tələb edib. Lakin Netanyahu müqavimət göstərərək, bir milyondan çox fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücum təhlükəsini saxlayıb.
Ağ Ev Baydenin Netanyahuya ABŞ-ın İsrailin Rəfaha qurudan hücumuna qarşı olduğunu bir daha təkrarladığını bildirib.
İki ölkənin liderləri həmçinin yeni açılmış şimal yolları da daxil olmaqla, bu həftədən başlayaraq Qəzzaya humanitar yardımın çatdırılmasının artırılmasını müzakirə edib.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi bazar günü ABC kanalının "Bu həftə" verilişinə ABŞ-ın Aralıq dənizinin Qəzza sahilində inşa etdiyi humanitar yardım maşınları üçün müvəqqəti estakadanın iki və ya üç həftə ərzində açıla biləcəyini deyib.
Bayden-Netanyahu telefon danışığı ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanı, İordaniya və İsraildəki regional rəsmilərlə danışıqlar aparmaq üçün bazar ertəsindən çərşənbə gününə qədər Yaxın Şərqə səfərinə təsadüf edib.
Forum