Bazar ertəsi İsrailli həkimlər əlavə dozanın virusun qarşısını ala biləcəyini müəyyən etmək üçün araşdırmaların bir hissəsi olaraq COVID-19 peyvəndinin dördüncü dozasını tətbiq etməyə başlayıb.
Tel-Əviv yaxınlığındakı Şeba Tibb Mərkəzində 150-yə yaxın işçinin iştirak etdiyi araşdırma Sağlamlıq Üzrə Xüsusi Məsləhətçi Qrupun 60 və daha yuxarı yaşdakı insanlara, eləcə də immun sistemi zəif olanlara, tibb işçilərinə Pfizer peyvəndinin dördüncü dozasını vurmağı tövsiyə etdikdən bir neçə gün sonra aparılıb. Panelin tövsiyəsini Səhiyyə Nazirliyinin direktoru Naçman Aş təsdiqləməlidir.
İsrail öz vətəndaşlarına peyvənd, eləcə də gücləndirici peyvəndlər tətbiq etməkdə dünyanın çox hissəsini geridə qoysa da, COVID-19 infeksiyalarının beşinci dalğası olan yeni omikron variantı ilə üzləşdiyi üçün sürət son həftələr xeyli azalıb.
Keçən ay ilk dəfə bir neçə Cənubi Afrika ölkəsində müəyyən edilən və sürətlə yayılan variant bütün dünyada xaotik təcridlərə və ləğvlərə səbəb olub.
ABŞ və dünyanın hər yerində minlərlə uçuş ləğv edilib. Belə ki, ekipaj üzvlərinin COVID-19 testi müsbət çıxdıqdan sonra onlar işə çıxmayıb və sərnişinlər Milad bayramı həftəsonunda ailə və dostlarına qovuşa bilməyib.
Nazirlər Kabineti ilə təcili iclas keçirdikdən sonra Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi COVID-19-la bağlı yeni məhdudiyyətləri elan edəcəyi gözlənilir.
Çinin şimalındakı Sian rəsmiləri yeni COVID-19 hallarında sıçrayışla mübarizə aparmaq üçün 13 milyon sakini olan şəhərdə sərt məhdudiyətlər tətbiq etməyə başlayıb.