Accessibility links

İsrail ordusu ilə fələstinlilər arasında gərginlik artmaqdadır


Fələstin rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü işğal altında olan İordan çayının qərb sahilində İsrail əsgərləri qarşıdurma zamanı 16 yaşlı fələstinli yeniyetmə öldürülüb. Bu həftənin əvvəlində silahlı bir fələstinli tərəfindən yaralanan israilli gəncin aldığı yaralardan öldüyü bildirilib

İsrail hərbçiləri Nablusun cənubunda fələstinlilərin yaşadığı Beyta kəndi yaxınlığında molotov kokteyli atan fələstinlilərə atəş açıb.

"Hərbçilər şübhəliləri dayandırmaq üçün onlara tərəf atəş açıb" deyən İsrail ordusunun sözçüsü hadisə ilə bağlı araşdırıma aparılacağını bildirib

Beyta və yaxınlıqdakı Odala kənd sakinlərinin dediyinə görə, son bir neçə gecədir kəndlərin girişi yaxınlığında fələstinlilərlə İsrail hərbçiləri arasında qarşıdurmalar baş verir.

16 yaşlı yeniyetmənin ölümü ilə bağlı məlumat verən Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü baş verən qarşıdurmalar zamanı başqa bir fələstinlinin yaralandığını və xəstəxanada müalicə aldığını bildirib.

Qarşıdurmalar bazar günü İsrail ordusunun İordan çayının qərb sahilindəki kəsişmədə atəş açaraq, iki israillini ağır, birini isə yüngül yaraladığı iddia edilən fələstinlinin ələ keçirilməsi üçün ərazidə axtarışlar apardığı zaman baş verib.

İsrailin müdafiə naziri Benni Qantz tvitter səhifəsində israillilərdən birinin, 19 yaşlı gəncin aldığı yaralardan çərşənbə axşamı gecə öldüyünü yazıb.

İsrailin Şin Bet olaraq tanınan Təhlükəsizlik Agentliyi fələstinlilərin yaşadığı Turmus Ayya kəndinin 44 yaşlı sakininin şübhəli olaraq saxlandığını, lakin
həmin şəxsin hər hansı bir silahlı qrupla əlaqəsi olmadığını deyib.

Qüdsün Köhnə Şəhəri yaxınlığındakı məşhur gecə görüşmələri yerinə girişə qadağa qoyduğu üçün İsrail polisi ilə fələstinlilər arasında bir neçə gündür davam edən qarşıdurmalar da daxil olmaqla, müsəlmanların müqəddəs Ramazan ayında İordan çayının qərb sahilində və Qüdsdə gərginlik yüksək səviyyədədir.

XS
SM
MD
LG