İsrail ordusunun bildirdiyinə görə, cümə günü İsrail əsgərləri işğal edilmilş İordan çayının Qərb Sahilində avto-vağzalda əlində bıçaq onlara tərəf qaçan fələstinlini öldürüb.
İlkin istintaqa istinadən verilən açıqlamada həmin şəxsin Ariel yəhudi yaşayış məntəqəsi yaxınlığına avtomobillə gəldiyi, orada avtomobildən düşərək, "əlində bıçaqla mülki vətəndaşların və İsrail təhlükəsizlik qüvvələrinin əsgərlərinin dayandığı avto-vağzala doğru qaçdığı" bildirilib.
Fələstin Səhiyyə Nazirliyi ölən şəxsin yaxınlıqdakı Qaravet Bani Hassan kəndinin sakini olduğunu müəyyən edib.
İsrail ordusu avtomobildə olub, hadisə yerindən qaçan başqa hər hansı şəxsi təqib etdiyini bildirib.
İordan çayının Qərb Sahilində 2014-cü ildə İsraillə yanaşı Fələstin dövlətinin yaradılması ilə bağlı ABŞ-ın vasitəçilik etdiyi danışıqların dalana dirənməsindən bəri ara-sıra zorakılıqlara səhnə olub.