İsrail Müdafiə Ordusunun (IDF) sözçüsü İsrail hərbi komandirlərinin Qəzzəyə hücum etmək üçün döyüş planı hazırladığını və onu cümə axşamı hərbi rəhbərlərə təqdim etməyi planlaşdırdıqları ilə bağlı məlumatı təsdiqləyib.
Sözçü Hidayə Zilberman yerli mətbuata verdiyi brifinqdə qurudan hücum ehtimalı üçün hazırlıqların davam etdiyini deyib. İsrail Müdafiə Ordusu Qəzzə ilə sərhədə Paraşütçülər Briqadası, Qolani Piyada Briqadası və 7-ci Zirehli Briqadadan əlavə qoşunlar, tanklar və zirehli texnika yerləşdirib.
İslamçı Həmas qruplaşmasının nəzarətində olan Qəzzə zolağını işğal edib-etməyəcəyinə dair qərar İsrail hökumətindən asılıdır. Lakin icazə verildiyi təqdirdə bu, İsrailin 2014-cü ildəki işğalından bəri həmin əraziyə ilk müdaxiləsi olacaq.
İsrail rəsmilərinin bildirdiyinə görə, İsrail ordusu və Fələstinli Həmas döyüşçüləri arasında çərşənbə günü gecə saatlarında şiddətli raket atışmaları davam etdiyi bir vaxt, İsrail şəhərlərində 400 nəfərin həbsinə səbəb olan yeni iğtişaş dalğası olub.
Həmas militantları İsrailin hava hücumları zamanı qrupun Qəzzədəki yüksək səviyyəli komandirlərindən biri olan Bassem İssanın öldürülməsindən sonra cümə axşamı İsrailə silsilə raket hücumları həyata keçirib.
Həmasın səhiyyə nazirliyinin cümə axşamı səhər verdiyi məlumata görə, raket hücumları nəticəsində Qəzzədə ölənlərin sayını 83-ə çatıb. Yerli xeyriyyə qurumları Qəzzədəki ölənlərin bir hissəsinin Həmasın İsraildəki hədəflərinə çatmayan raketlərlə öldürüldüyünü bildirib. Fələstin Səhiyyə Nazirliyi cümə axşamı 487 nəfərin yaralandığını bildirib. İsrail rəsmiləri isə 6 yaşlı bir uşaq da daxil olmaqla, yeddi israillinin öldürüldüyünü deyib.
BMT aprelin ortalarında həm israillilərin, həm də fələstinlilərin özlərinin paytaxtı hesab etdikləri qədim Qüdsün küçələrindəki qarşıdurmalarla başlayan zorakılıqların “genişmiqyaslı müharibəyə qədər artacağı” riskinin olduğu barədə xəbərdarlıq edib.
İsrail hökuməti üç sinaqoqun yandırıldığı Hayfa, Acre, Ramle və Lod qəsəbələrində iki gecə davam edən qarşıdurmalardan sonra ərəb-yəhudilərin qarışıq yaşadıqları şəhərlərə əlavə polis yerləşdirib.
İsrail televiziyası çərşənbə günü gecə Təl-Əviv yaxınlığında yəhudilərdən ibarət bir qrupun ərəb motosikletçini döyməsinin canlı görüntülərini yayımlayıb. “Xahiş edirəm bu dəliliyi dayandırın” - deyə, İsrail Prezidenti Reuven Rivlin israillilərə müraciət edib.