Accessibility links

İsrailin xəbərdarlığından sonra minlərlə Qəzza sakini evlərini tərk edir


İsrailin raketlərin atıldığı obyektlərə hücum ediləcəyi ilə bağlı xəbərdarlığından sonra minlərlə Qəzza sakini evlərini tərk edir.

İsrail hərbi qüvvələrinin sərhəddə yerləşən Beyt Lahiyə şəhəri üzərində havadan atılmış vərəqələrdə insanlara həyatlarını xilas etmək üçün evlərini tərk etməsinə dair xəbərdarlıq mesajı yazılıb.

İsrail ordusu bir həftə bundan əvvəl Həmas yaraqlılarına qarşı başladığı hava hücumlarının ardınca bu gün quruda ilk hərbi əməliyyat keçirib.

İsrail hava hücumlarının Həmas yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə raketlər atmasına son qoymaq məqsədilə həyata keçirildiyini bildirir.

İsraillilər və fələstinlilər arasında son iki ildə ən ciddi böhranın beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına baxmayaraq, həllinə dair heç bir işarə yoxdur.

Fələstin rəsmiləri altıncı günə keçən hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 160-dan çox adamın həyatını itirdiyini, mindən çox insanın isə yaralandığını bildirir.

Qəzza Səhiyyə nazirliyinin bildirdiyinə görə, İsrailin bazar günü hava reydləri nəticəsində bir fələstinli qadın və üç yaşında bir qız həyatını itirib. Bundan əvvəl isə Qəzza polis idarəsinin rəisinin evinə havadan bomba atılması nəticəsində 18 nəfərin öldüyü haqda məlumat verilib.

İsrailin hərbi əməliyyatları intensivləşdirməsinə baxmayaraq, fələstinli yaraqlılar sərhəd boyu İsrail ərazisinə raketlər atmağa davam edir.

XS
SM
MD
LG