Accessibility links

Amnesty International İsrailin Qəzzada hücumlarını araşdırmağa çağırır


İyul və avqust aylarında Qəzzada 2100 fələstinli öldürülüb

İnsan haqları qrupu Amnesty İnternational İsrailin Qəzzada Həmasa qarşı 50 günlük müharibə zamanı hərbi əməliyyatlarının istintaqına çağırır.

Yaydığı bəyanatda Amnesty İnternational bildirib ki, İsrail çox sayda evlərə hücumlar edib və nəticədə dəhşətli dərəcədə çox ev dağılıb və insan həlak olub.

İsrailin xarici işlər naziri bu bəyanatı "son dərəcə qərəzli" və "kontekstdən kənar" adlandıraraq onu rədd edib. Nazirlik bildirib ki, bu bəyanat İsrailin cinayətləri törətdiyi ilə bağlı heç bir sübut təqdim etmir, eyni zamanda da Həmasın insanlardan canlı qalxan kimi istifadə etmək, və dinc əhaliyə atəş açmaq kimi törətdiyi müharibə cinayətlərini nəzərə almır.

İyul və avqustda baş verən döyüşlər zamanı Qəzzada əksəriyyəti dinc əhali olan 2100-dən çox fələstinli və 67 İsrail hərbçisi və 6 mülki şəxs həlak olub.

Amnesty-nin bəyanatı hər iki tərəfi ciddi insan haqları pozuntularında ittiham edir, lakin diqqəti daha çox İsrailinin işğal altında olan Qəzzanı bombalamasına yönəldir. Bəyanatda bildirilir ki, İsrail dinc əhalinin zərər görməməsi üçün lazımı tədbirlər görməyib.

Amnesty İnternational-ın Yaxın Şərq və Şimali Afrika proqramının sədri Fillip Luter bildirib ki, İsrail qoşunları Qəzzanı dağıtmalarına “biganə qalıblar” və döyüşlərdə iştirak etməyən Fələstinlilərə də “laqeyd yanaşıblar.”

İsrail bildirir ki, o 90-dan çox insidentlə bağlı istintaq başladıb və daha iki cinayət istintaqı da davam etdirilir.

Bəyanatda bildirilir ki, bəzi hallarda döyüşçülər İsarilin bombaladığı binalarda olub, lakin onların orda olması o binanı hərbi hədəfə çevirməməli idi. Amnesty bildirir ki, İsrail hücümları yenidən nəzərdən keçirməli, təxirə salmalı və ya ləğv etməli idi ki, dinc insanlara xətər dəyməsin.

Bəzi hava hücumlarından öncə İsrail hərbisi Qəzzanın üzərindən vərəqələr yayaraq insanları militantlar tərəfindən İsrailə qarşı raket atmaları üçün istifadə olunan yerləri boşaltmaları haqqında xəbərdarlıq edib.

Lakin fələstinlilər bildirirlər ki, Aralıq Dənizi sahilində yerləşən və əhalisi belə sıx olan anklavda gedəcək çox yerlər yox idi. Minlərlə fələstinli məcburi köçkün BMT-nin Fələstin üçün Yardım və İşlərin Təşkili Agentliyi tərəfindən idarə olunan məktəb binalarına sığınıb, lakin İsrailin bombaları o binaların da çoxuna xəsarət yetirərək, məktəb işçilərini və mülki şəxsləri öldürüb.

Amnesty bildirir ki, beynəlxalq ictimaiyyət insan haqlarının pozulması ilə bağlı araşdırma aparmalıdır, çünki İsrail uzun illərdir müharibə cinayətlərini törədənləri istintaqa və məhkəməyə cəlb etməyib.

Bəyanat hər iki tərəfi ciddi zorakılıqlara qarşı heç bir tədbir görməməkdə və məsul şəxsləri məsuliyyətə cəlb etməməkdə təqsirləndirib, və bildirib ki, bunlar edilsə, gələcəkdə zorakılıqların qarşısı alına bilər.

XS
SM
MD
LG