Accessibility links

ABŞ və İsrailin yüksək səviyyəli nümayəndə heyətləri Birləşmiş Ərəb Əmirliklərinə səfər edir


ABŞ və İsrailin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti bazar ertəsi günü tarixdə ilk dəfə olaraq uçuşla İsrailin Ben-Quryon hava limanından Birləşmiş Ərəb Əmirliklərinə Əbu-Dabiyə səfər edib.

İsrailin təyyarəsi ilk dəfə olaraq Səudiyyə Ərəbistanının hava məkanı üzərindən keçib.

İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın vasitəçiliyi ilə bu ayın əvvəlində diplomatik əlaqələr qurmaq barədə razılıq əldə edib.

Birləşmiş Ərəb Əmirlikləri Misir və İordaniyadan sonra İsraillə münasibətlərini normallaşdıran üçüncü ərəb ölkəsi olacaq.

ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın baş məsləhətçisi və kürəkəni Cared Kuşner, milli təhlükəsizlik məsələləri üzrə müşavir Robert O'brayan, Yaxın Şərq üzrə xüsusi elçi Avi Berkovitz və İran üzrə xüsusi nümayəndə Brayan Huk daxildir.

Təyyarəyə minməzdən əvvəl jurnalistlərlə görüşən Kuşner "bu tarixi bir uçuş olsa da, ümid edirik ki, Yaxın Şərq və ondan kənarda daha böyük addımlar üçün tarixi bir başlanğıc olacaq" deyib.

İsrail nümayəndə heyətinə ölkənin milli təhlükəsizlik üzrə müşaviri Meyir Ben-Şabat başçılıq edir.

"Bu səhər ənənəvi `salamat get` ifadəsinin bizim üçün xüsusi bir əhəmiyyəti var" - deyə, Ben-Şabat bildirib. O, səfərin məqsədinin tibb, ticarət, texnologiya və turizm sahələrində əməkdaşlıq üçün zəmin yaratmaq olduğunu deyib.

ABŞ və İsrail rəsmiləri Birləşmiş Ərəb Əmirliklərindəki həmkarları ilə görüşlər keçirəcək.

XS
SM
MD
LG