Accessibility links

İşçi qrupu blogerin ölümünün araşdırılmasının vəziyyətindən narazıdır


Mehman Qələndərov

Azərbaycan hökuməti Kürdəxanı təcridxanasında dünyasını dəyişən fəal və bloger Mehman Qələndərovun ölüm şəraitinin araşdırılması üzrə lazımi tədbirlər görmür. Bu barədə siyasi məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi qrupun bəyanatında deyilir.

Bəyanat müəllifləri hakimiyyətin belə münasibətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə hörmətsizlik kimi dəyərləndirir.

Xatırladaq ki, M.Qələndərov aprelin 28-də təcridxanada müəmmalı şəraitdə ölüb. Rəsmi versiyaya görə, özünü asıb. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (ölüm həddinə çatdırma) cinayət işi başlanıb. Təcridxananın iki əməkdaşı işdən kənarlaşdırılıb.

Eyni zamanda Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə bəyanatında bildirilib ki, M.Qələndərovun üzərində zorakılıq əlamətləri olmayıb.

Ancaq bəyanat müəllifləri diqqəti ona yönəldirlər ki, ölüm hadisəsi qapalı müəssisədə baş verdiyindən buna görə məsuliyyəti dövlət daşıyır.

Hökumət ölümün səbəblərinin obyektiv araşdırılmasını təmin etməlidir.

M.Qələndərovu həbs etmiş şəxslər cəzalandırılmalıdır.

İşçi qrupu hakimiyyəti vətəndaş fəalları və müstəqil ekspertlər tərəfindən araşdırma aparılması üçün şərait yaradılmasına çağırır.

İşçi qrupa hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılova və başqaları daxildir.

XS
SM
MD
LG