Accessibility links

İsveçin baş naziri vətəndaşları koronavirus məhdudiyyətlərinə riayət etməyə çağırıb


İsveçin baş naziri Stefan Lofven “insanların sağlamlığı və həyatlarının təhlükədə” olduğu haqda xəbərdarlıq edərək, koronavirus pandemiyasını nəzarət altına almaq üçün ölkəsinin lazımi addımlar atmağa çağırıb.

Bazar günü gec saatlarda nadir hallarda etdiyi televiziya müraciəti zamanı Lofven çox sayda insanın son aylar virusla əlaqədar qaydalara və tövsiyələrə laqeyd yanaşdığını bildirib. O, İsveç vətəndaşlarını evdə qalmağa və evlərindən kənarda insanlarla təmasda olmamağa çağırıb.

“Tək yaşayırsınızsa, ünsiyyət qurmaq üçün bir və ya ən çox iki nəfəri seçin. Lakin məsafə saxlayın“ - deyə, o tövsiyə edib.

Hökumət keçən həftə yoluxanların gündəlik sayının rekord həddə çatmasına və xəstəxanalarda qarşılaşdığı artan təzyiqlərə səbəb olan pandemiyanın ikinci dalğasının qarşısını almaq üçün kütləvi toplantıların sayını kəskin şəkildə azaltmağa başlayıb.

Koronavirusun səbəb olduğu COVID-19 xəstəliyi İsveçi öz təsirinə Avropa qitəsinin digər ölkələrindən bir neçə həftə sonra məruz qoyub. Lakin yeni yoluxmaların sayı bu ayın əvvəlindən bəri sürətlə artdığı üçün xəstəxanaların COVID-19 palataları və reanimasiya şöbələrinə yerləşdirilənlərin sayı da artıb.

İsveç cəmiyyətin geniş təbəqələri üçün ciddi məhdudiyyətlər tətbiq etməyərək, pandemiya ilə mübarizədə fərqli və mübahisəli bir yanaşma seçmişdi. Bunun əsasında sosial məsafəni qorumaq üçün əhaliyə edilən tövsiyələr və məsuliyyətli davranmaq üçün təkrarlanan çağırışlar dururdu.

Havalar soyumağa başladıqca İsveçdə yeni yoluxma hallarında sürətli artım müşahidə edilir. Lofven yoluxma hallarında artımın səhiyyə xidmətlərin işində gərginlik yaratdığını və hökumətin axşam saat 22.00-dan sonra bar və restoranlardaalkoqollu işkilərin satışına qadağa da daxil olmaqla, daha sərt tədbirlər görməyə məcbur olduğunu deyib.

Qlobal epidemiyanı izləyən Cons Hopkins Universitetinin verdiyi məlumata görə, İsveçdə indiyə qədər 208 290-dan çox yoluxma, 6400 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG