Accessibility links

İTV və YAP Cəmil Həsənlini günahlandırır, Prezident Administrasiyası debatlarda qusurdan danışır


Prezidentliyə namizədlər
Prezidentliyə namizədlər

Cəmil Həsənli deyilənləri qəbul etmir və hüququnun pozulduğunu bildirir

İctimai Televiziya debat zamanı baş verənlərdə müxalifətin namizədini günahlanrır, iqtidarda olan Yeni Azərbaycan Partiyası Cəmil Həsnlidən şikayət edib, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə namizədlərin debat zamanı hərəkətlərində qüsur olduğnu bildirib.

Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) sentyabrın 19-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında baş verənlərlə bağlı açıqlama yayıb.

APA agentliyi şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 19-da İctimai Televiziyada namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masada, qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib.

“Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymayıb, çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə, o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə...”, məlumatda deyilir.
Hakim Yeni Azərbaycan Partiyası İctimai Televiziyanın canlı efirində Cəmil Həsənlinin yol verdiyi qanun pozuntusu və ümumiyyətlə onun seçki prosesində bu və ya digər hallarla bağlı qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına bir neçə məktub ünvanlayıb.
Trend agentliyinə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki. məktubların birində MSK-dan prezidentliyə namizəd Cəmil Həsənlinin Azərbaycan Respublikasının Prezidenti və prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevə böhtan ataraq onun şərəf və ləyaqətinə hörmətsizlik etməsinə müvafiq münasibət bildirmək xahiş edilir.

Məktublardan biri Cəmil Həsənlinin prezidentliyə namizədlər üçün ayrılmış pulsuz efir vaxtından səmərəli istifadə edilməsinə, normal polemika aparılmasına və hər kəs üçün ayrılmış pulsuz efir vaxtından istifadə edilməsinə maneçilik törətməsi ilə bağlıdır.

Bir məktub isə Cəmil Həsənlinin yaşından əvvəl pensiyaya çıxması ilə bağlıdır. Məktubda qeyd olunur ki, bununla bağlı sənədlər artıq yayılmışdır və həmin sənədlərə görə, Cəmil Həsənli, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul ola bilməz, yəni III qrup əlil kimi əmək fəaliyyəti ilə məşğul ola bilməz.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da dünən İTV-nin efirində baş verənlərə münasibət bildirib.

“Prezidentliyə namizədlərin hərəkətləri, davranışları, işlətdikləri ifadələr, özlərini aparmaları, bir-birlərinə münasibətləri nümunə olmalıdır. Onların hər biri Azərbaycanı idarə etmək iddiasında olan, bunun üçün çalışan insanlardır. Ona görə də prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir”, o qeyd edib.
Onun fikrincə, prezidentliyə namizədlərin hərəkətlərinə nəzər salınsa görmək olar ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var.

Ə.Həsənov deyib ki, Azərbaycanda hazırkı seçki prosesi və durum tam normalıdır, dünya standartlarına uyğundur, azad, ədalətli, demokratik seçki keçirilməsinə imkan verir.

Xatırladaq ki, sentyabrın 19-da İTV-nin efirində prezidentliyə namizəd Hafiz Hacıyev digər namizəd Cəmil Həsənlini təhqir edib, ona su butulkası atıb.

Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında İTV-nin açıqlamasını və YAP-ın Şikayətlərini qəbul etmədiyini bildirib. O efirdə təhqir olunduğunu və haqqını tələb etməkdə davam edəcəyini bildirib.
XS
SM
MD
LG