Accessibility links

İvanka Trampa Ağ Evdə kabinet ayrılıb


ABŞ prezidenti Donald Trampın böyük qızı İvankaya Ağ Evin West Wing adlanan hissəsində kabinet və hökumət işçisi olmasa da məxfi məlumatlara çıxış imkanı verilir.

İvanka Trampın rəsmi titulu olmayacaq, lakin o, hökumət işçiləri üçün qəbul edilmiş qanunlara riayət edəcək. Bu haqda məlumatı onun vəkili Ceymi Qorelik verib. O həmçinin bildirib ki, prezidentin qızı hökumət maaşı almayacaq.

Ağ Ev İvanka Trampın rolu ilə bağlı verilmiş suallara hələlik cavab verməyib.

İvanka Trampın açıqladığı bəyanatda onun atasına “həmişə olduğu kimi səmimi məsləhət və tövsiyələr verəcəyi” bildirilir.

İvanka Tramp kampaniya dövründə atasının yaxın məsləhətçilərindən biri olub və ailəsi ilə birlikdə Donald Trampın prezident seçilməsindən sonra Vaşinqtona köçüb. O, analıq məzuniyyəti və uşaqlara qulluq kimi məsələlərlə yaxından məşğul olacağına işarə edib.

İvanka Tramp dəfələrlə Ağ Evdə görüşlərdə iştirak edib. Keçən həftənin cümə günü o, prezidentin Almaniya kansleri Angela Merkellə danışıqlarından öncə hazırlıq görüşündə iştirak edib.

İvanka Tramp həyat yoldaşı Cared Kuşnerlə Donald Trampın inaqurasiyasından sonra ziyafətdə
İvanka Tramp həyat yoldaşı Cared Kuşnerlə Donald Trampın inaqurasiyasından sonra ziyafətdə

İvanka Tramp Ağ Evdə icraedici hakimiyyətin mərkəzi olan West Wing hissəsində həyat yoldaşı Cared Kuşnerlə müşavir kimi çalışacaq.

Federal nepotizmə qarşı qanunlara əsasən, qohumun hökumətdə vəzifə tutması qadağan edilir. Lakin Ədliyyə nazirliyi bu yaxınlarda bildirib ki, prezidentin işə götürülməyə dair xüsusi səlahiyyəti onun Cared Kuşnerə vəzifə verməsini mümkün edir.

Almaniya kansleri Angela Merkel və İvanka Tramp Donald Trampla görüşdən öncə iclasda söhbət edir
Almaniya kansleri Angela Merkel və İvanka Tramp Donald Trampla görüşdən öncə iclasda söhbət edir

İvanka Trampın vəkili bildirib ki, Ədliyyə nazirliyi prezidentin ailə üzvlərindən adi vətəndaşlar kimi məsləhətlər ala bildiyini aydınlaşdırıb. İvanka Trampın rolunun məhz bundan ibarət olduğu bildirilir.

Prezidentin qızı geyim və zərgərlik əşyaları şirkətlərinin sahibi olaraq qalır, lakin gündəlik işləri şirkətin prezidentinə həvalə edib. Onun vəkili bildirib ki, şirkət heç bir xarici ölkə ilə yeni razılaşmalar əldə edə bilməz. O həmçinin bildirib ki, İvanka Tramp təklif olunmuş biznes razılaşmalarına veto qoymaq səlahiyyətlərinə malikdir.

Tramp Organization təşkilatında aparıcı rəhbər kimi rolundan imtina edən 35 yaşlı İvanka Tramp təşkilatdan aylıq maaş alacaq.

XS
SM
MD
LG