Rusiyanın dövlət Tass xəbər agentliyi cümə axşamı Moskva məhkəməsinin həbsdə olan amerikalı jurnalist Evan Gerşkoviçin həbs müddətini üç ay uzatdığını bildirib. İndi o, casusluq ittihamı ilə ən azı noyabrın sonuna qədər dəmir barmaqlıqlar arxasında qalacaq.
Wall Street Journal-ın müxbiri Evan Gerşkoviç martın sonunda Rusiyanın Yekaterinburq şəhərində ezamiyyətdə olarkən saxlanılıb.
Moskva onu casusluqda ittiham etsə də, onun işlədiyi idarə və ABŞ hökuməti bunu qəti şəkildə rədd edib. Dövlət Departamenti onu haqsız yerə həbs edilmiş şəxs kimi təsnif edib.
Gerşkoviç soyuq müharibədən sonra Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk amerikalı reportyordur.
31 yaşlı Gerşkoviç cümə axşamı Moskva məhkəməsinə ağ həbsxana mikroavtobusu ilə əlləri qandallı gətirilib. O, məhkəməyə həbs müddətinin avqustun 30-dan sonra uzadılması ilə bağlı ittiham vəsatətinin nəticəsini dinləmək üçün gəlib.
Bu, ikinci dəfədir ki, onun həbs müddəti hər dəfə üç ay müddətinə uzadılır.
Jurnalistlərə cümə axşamı məhkəmədəki prosesdə iştirak etmək icazəsi verilməyib. Tass hadisənin bəzi təfərrüatların məxfi olması səbəbindən bağlı qapılar arxasında keçirildiyini bildirib.
"Bu gün həmkarımız və görkəmli jurnalist Evan Gershkoviç məhkəməyəqədərki dinləmədə iştirak edib və onun qeyri-qanuni həbs müddəti yenidən uzadılıb. Biz onun jurnalist kimi öz işini yerinə yetirdiyinə görə özbaşına və haqsız yerə həbs olunmaqda davam etməsindən dərin məyus olduq. Ona qarşı irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və biz onun dərhal azadlığa buraxılması üçün səylərimizi davam etdiririk. Jurnalistika cinayət deyil" - deyə, The Wall Street Journal cümə axşamı verdiyi açıqlamasında bildirib.
Forum