İyunun 7-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Səhiyyə Nazirliyi qarşısında təkbaşına aksiya keçirən Teymur Kərimova qarşı iddia üzrə hazırlıq iclası başlayıb.
Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırlması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Vəkillərin Səhiyyə Nazirliynin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.
Teymur Kərimov Amerikanın Səsinə müsahibəsində deyib ki, dünəndən anasının səhhəti kəskinləşib.
“O, hazırda reanimiasiya şöbəsinə yerləşdirilib. Həkimlər ümid qalmadığını deyir,” o qeyd edib.
Teymur Kərimov jurnalistdir, internet saytlarının birində işləyir. O, mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına keçirdiyi aksiya zamanı dediyi sözlərə görə məhkəməyə verilib.
“Anam onkoloji xəstədir və xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç hansı verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçün dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm,” jurnalist qeyd edib.
Bu gün məhkəmənin qarşısına çoxsaylı insanlar, o cümlədən onkoloji və şəkərli diabet xəstələr toplaşıb. Onlar səhiyyə sistemində rüşvət hallarının olmasını və xəstələrə pulsuz verilməsi nəzərdə tutulan dərmanların vaxtında verilməməsini iddia edib.
“Hərbi xidmət əliliyəm. Həyat yoldaşım da əlildir. Hər birimiz 130 manat pensiya alırıq. Məndən pul istəyirlər,” məhkəməyə gələn insanlardan biri deyib.
Hərbi xidmət əliliyəm. Həyat yoldaşım da əlildir. Hər birimiz 130 manat pensiya alırıq. Məndən pul istəyirlər.
“Teymur Kərimov düz deyi. Səbail rayonunda şəkərli diabet xəstələr hər ayın 1-də dərman almaq üçün saat 5-dən növbəyə dururlar. Bu biabırçılıqdır,” bir qadın deyib.
Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunun sakini olan şəkərli diabet xəstəsi deyib ki, xəstələrə dərmanları yalnız bir aptekdəki bir pəncərədən verirlər.
“60-70 nəfər şəkərli diabet xəstəsi gəlir orada növbədə əsəbləşir, dava edib, gedir. Sonra dərmanları apteklərdə satdırırlar,” o qeyd edib.
Səhiyyə Nazirliyi Teymir Kərimovun dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb.
“Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətəuyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır.”
Mətbuat xidməti qeyd edib ki, institut bu preparatlarla dövlət proqramı çərçivəsində tam təmin olunur.