Realliq.info saytının redaktoru, həbsdə olan İkram Rəhimov 10 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulmasından şikayət edib.
Bu barədə jurnalistin ailəsindən bildiriblər.
Mənbənin məlumatına görə, 6 saylı Cəzaçəkmə Müəssisəsindən 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə etiraz olaraq dekabrın 28-də aclıq aksiyasına başlayan İkram Rəhimov səhhətinin kəskin pisləşməsi səbəbindən on gün sonra aclığı dayandırıb.
“İkrama təzyiqlər davam edir. Son həftə ərzində evə telefonla zəng etməyə icazə verilməyib, halbuki, qanunla həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. Bundan əlavə, son həftə ərzində ziyarətçilərlə görüşdən iki dəfə imtina edilib. Bu gün həmkarları onun yanına gediblər, lakin görüşə buraxmayıblar. Biz bundan narahatıq, bəlkə İkrama təzyiq göstərirlər,” jurnalistin ailəsindən bildiriblər.
Penitensiar Xidmətdən şərh almaq hələ mümkün olmayıb. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq məhbusların qanunvericiliyə uyğun olaraq daxili intizam qaydalarına riayət edilməklə saxlanıldığını bildirir. Penitensiar Xidmət məhbuslara təzyiq edilməsi, işgəncə verilməsi ilə bağlı yayılan məlumatları qəbul etmir.
İkram Rəhimov 2018-ci il oktyabrında dövlət başçısının o zamankı köməkçisi Əli Həsənovun ünvanına açıq tənqidi məktubun dərcindən sonra həbs edilib.
2018-ci il iyunun 12-də 5,5 il müddətinə azadlıqdan məhrum edilib. O Buna etiraz olaraq aclığa başlayıb və 30 sutka sonra, sentyabrın 5-də aclığı dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədə yolu ilə pul almaqda günahını təsdiqləyib, lakin Cinayət Məcəsəlləsinin 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az müddətli cəza) tətbiq edərək həbs cəzasını 3 ilədək azaldıb.
Bir sıra beynəlxalq jurnalist təşkilatları İkram Rəhimovun barəsində hökmü pisləyib.