Accessibility links

Əfqan Muxtarlı həbsxanada aclığa başlaması ilə bağlı bəyanat yayıb


Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı aclığa başlayıb. O, saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində vəkili Nemət Kərimliyə qarşı qanunsuzluqlara etiraz edir.

Nemət Kərimli
Nemət Kərimli

Jurnalistin sosial şəbəkələrdə yayılan bəyanatında deyilir ki, sentyabrın 20-də hüqularını müdafiə edən vəkil Nemət Kərimliyə qarşı cəzaçəkmə müəssisəsində qanunsuzluq və zorakılıq olub.

“Rəis müavini Emin Eminəliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl siyasi məhbus Məmməd İbrahimə qarşı zorakılıq etmişdir, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. İlham Əliyevdən tələb edirəm ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib. İndiki hücumlar avropalı deputatlar Sunna Thorhildur və Dunya Myatoviçlə (Avropa Şurasının İnsan Hüquqları üarə nümayəndəsi-red) görüşdən sonra baş verib,” bəyanatda qeyd edilir.

Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib.
Əfqan Muxtarlının bəyanatından sitat

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, hüquqlarını müdafiə etdiyi Əfqan Muxtarlı ilə görüşə gedərkən üstündə axtarış aparıblar.

“Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, hamını axtarırıq, icazəmiz var dedi, söhbətdən sonra baxış keçirməyə icazə verdim. Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək. Mən imtina etdim, Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, “sən kimsən?, bura müəssisədi, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan”, qışqıra-qışqıra zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə məruzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar” , Nemət Kərimli qeyd edib.

Cəzaçəkmə müəssisəsi
Cəzaçəkmə müəssisəsi

Vəkil cəzaçəkmə müəssisəsində özünə qarşı baş verən zorakılıq və qanusuzluqla bağlı Vəkillər Kollegiyasına müraciət etdiyini deyib. Sentyabrın 23-də isə Sabunçu rayon Prokurorluğuna şikayət edəcək.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, vəkillərin məhbuslarla görüşüünə hər hansı məhdudiyyət qoyulmayıb.

“Vəkillər həmişə hüquqlarını müdafiə etdiyi şəxslərlə məhdudiyyətsiz görüşür. Bütün müəssisələrdə vəkillərin görüşü üçün ayrıca otaqlar var. Bununla yanaşı vəkillərlə görüşlərin təqdim olunması qaydaları var və bu qaydala əməl edilməlidir. Məhkum Əfqan Muxarlının vəkilinə qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməyib. Əgər o hesab edirsə müvəkkili ilə görüşü zamanı qanunazidd hərəkətlərlə üzləşib, Penitensiar Xidmətə müraciət etsin, məsələ araşdırılsın ,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən deyiblər.

Penitensiar Xidmət həmçinin jurnalist Əfqan Muxtarlının aclıq etməsi ilə bağlı məlumatlara da münasibət bildirib.

“Məhkum Əfqan Muxtarlı aclıq keçirməsi ilə bağlı müəssisə rəhbərinə rəsmi müraciət etməyib“ , İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə deyiblər.

Şərhlərə bax

XS
SM
MD
LG