Accessibility links

Jurnalist 27 gündür aclıq edir


İkram Rəhimov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan realliq.info saytının redaktoru İkram Rəhimov 27-ci gündür aclığı davam etdirir.

Bu barədə Rəhimovun ailəsindən Amerikanın Səsinə bildiriblər.

“Biz, ailə üzvləri avqustun 31-də İkram Rəhimovla görüşdük. Onun səhhəti kritikdir. İkram aclığı dayandırması üçün ona təzyiq edildiyini, hansısa sənədə qol çəkməsini istədiklərini təkid etdiklərini dedi. O bildirdi ki, ədalət bərpa olunmasa ölənədək aclığı davam etdirəcək. Xərəbdarlıq etdi ki, zorla qida qəbul etdirsələr özünə xəsarət yetirəcək,” jurnalistin ailə üzvü Amerikanın Səsinə deyib.

Avqustun 30-da Qırmızı Xaç Komitəsinin həkimləri İkram Rəhimovu müayinə edib və vəziyyətinin ciddi şəkildə pisləşdiyini müəyyən ediblər. Həkimlər onu aclıqdan imtina etməyə çağırıblar, amma Rəhimov imtina edib.

Öz növbəsində, sentyabrın 2-də Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildirblər ki, İkram Rəhimov aclığı davam etdirir.

“O həkimlərin nəzarəti altındadır. Rəhimovla qanunverciliyin tələblərinə uyğun davranılır. Ona aclığı dayandırması ilə bağlı hər hansı təzyiq edilməyib,” İctimiayyətlə əlaqələr şöbəsindən deyiblər.

Aclığının 22-ci günü, avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası zamanı İkram Rəhimov Amerikanın Səsinə bildirib ki, ona iynə vurduqdan sonra yataqdan qalxa bilib və məhkəməyə gətiriblər.

“Çox halsızam, yuxusuzluqdan əziyyət çəkirəm, təzyiqim kəskin düşüb, ayaqlarımda və bədənimdə qıcolamalar var. Bütün bunlara baxmayaraq, ədalət bərpa olunmasa aclığı ölənədək davam etdirəcəm. Ölkədə media azadlığı bərpa olunmalıdır. Məhkəmələr sifarişləri müdafiə etməməlidir, ədaləti bərpa etməlidir,” jurnalist bildirib.

O saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsinə yerləşdirildiyini, saxlanılma şəraitindən razı olduğunu deyib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

İkram Rəhimovməhkəmədə həbsindən öncə izlənildiyini və həbsinin sifariş olduğunu bildirib.

Bu il avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O aclığı hələ də davam etdirir.

Şərhlərə bax

XS
SM
MD
LG