Accessibility links

Jurnalist həbs edilib, müxalifət tənqidi səslərin həbsini pisləyir


Natiq İsbatov

Abşeron rayon Məhkəməsi “7 gun. az” saytının müxbiri Natiq İsbatovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanunu tələbinə tabe olmamaq) ilə günahlı bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə “7gun.az” saytının redaktoru Rafiq Şahbazov bildirib.

Onun sözlərinə görə, jurnalist aprelin 9-da Xırdalan şəhərində narazılıq edən insanlarla bağlı video çəkiliş edərkən saxlanılıb.

“Isbatovun həbsi qanunsuzdur və sifarişdir. Biz apellyasiya şikayəti verəcəyik,” redaktor Amerikanın Səsinə deyib.

Sevinc Sadıqova
Sevinc Sadıqova

Azel.tv saytının müxbirinə xəbərdarlıq edilib

Natiq İsbatovla birlikdə narazı insanları lentə alan digər jurnalist Azel.tv saytının müxbiri Sevinc Sadıqova da saxlanılıb və sonra sərbəst buraxılıb.

Sevinc Sadıqova: Bizi narazı insanları lentə alarkən saxladılar
please wait

No media source currently available

0:00 0:02:17 0:00

“Biz çəkiliş apararkən polislər tərəfindən saxlanılaraq Abşeron Rayon Polis Şöbəsinə aparıldıq. Orada jurnalist vəsiqlərimizi təqdim etdik. Mənə şifahi xərərdarlıq edib sərbəst buraxdılar. Natiq İsbatovu isə saxladılar,” Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“7 gun. az” saytı jurnalistin dərhal azad olunmasını tələb edir

“Jurnalistlərin həbsi söz və ifadə azadlığının məhdudlaşdırılması, həmçinin müstəqil mətbuatın tamamilə sıradan çıxarılmasıdır. Görünür ki, hakimiyyət dairələri koronovirusla mübarizə aparmaq bəhanəsiylə əhalinin problemlərini yayımlayan müstəqil mətbuat orqanlarının fəaliyyətinə qarşı zorakı vasitələrlə sədd çəkmək istəyir. Biz peşə fəaliyyətinə görə saxlanılan və ya həbs olunan bütün jurnalistlərin dərhal azad olunmasını tələb edirik,” “7 gun. az” saytının bəyanatında deyilir.

Rəsmi qurumlar jurnalistin saxlanılması barədə hələ məlumat yaymayıb.

Həbsdə olanlar

Hüquq müdafiəçiləri karantin rejimi dövründə müxtəlif ittihamlarla ondan çox müxalif və tənqidi fikirli şəxslərin həbs edildiyini bildirir.

Peşə fəaliyyətinə görə saxlanılan və ya həbs olunan bütün jurnalistlərin dərhal azad olunmasını tələb edirik.
7gün.az saytının bəyanatından sitat

Belə ki, Milli Şuranın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu və hüquq müdafiəçisi Elçin Məmmədə cinayət işi qaldırılmaq barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Müsəlman Birliyi Hərəkatının fəalı Samir Babayev, AXCP fəalları Faiq Əmirli, Ruslan Əmirov, ADR Hərəkatının fəalı Vəfadar Əliyev 30 sutka, bu qurumun digər fəalı Şakir Məmmədov 15 sutka inzibati həbsə məhkum edilib.

Müxalif və tənqidi fikirli şəxslərin həbsi hüquq müdafiəçiləri və siyasi qurumlar tərəfindən narahtlıqla qarşılanıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin iclası
Milli Şuranın Koordinasiya Mərkəzinin iclası

Milli Şura: Tənqidçilərini həbs etmək, təhdidlə susdurmağa çalışmaq böhranı aradan qaldırmır

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti indiki qlobal böhran dövründə də öz idarəçiliyində məsuliyyətli ola bilmir və repressiv siyasətindən əl çəkmir.

Milli Şura hakimiyyətdən bu anti-xalq və anti-bəşəri addımları dərhal dayandırmağı, saxta ittihamlarla həbs olunanları azadlığa buraxmağı, müxalifətçilərə, ictimai fəallara qarşı təqib-təzyiqləri dayandırmağı tələb edir.

“Xatırladaq ki, koronavirusla mübarizə baxımından önəmli olan mart ayında da hakimiyyət Milli Şura Koordinasiya Mərkəzinin üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu başda olmaqla 10 nəfər müxalifət fəalını repressiyaya məruz qoyub. Beləliklə, mart ayından bəri artıq 16 nəfər bu repressiv siyasətin (10 nəfər mart ayında, 6 nəfər aprelin 9-dək ) qurbanı olub. Milli Şura hakimiyyətdən bu anti-xalq və anti-bəşəri addımları dərhal dayandırmağı, saxta ittihamlarla həbs olunanları azadlığa buraxmağı, müxalifətçilərə, ictimai fəallara qarşı təqib-təzyiqləri dayandırmağı tələb edir.

Milli Şuranın mitinqi (arxiv fotosu)
Milli Şuranın mitinqi (arxiv fotosu)

Hakimiyyət anlamalıdır ki, öz tənqidçilərini, ölkədəki həqiqətlər barədə danışanları həbs etmək, təhdidlə susdurmağa çalışmaq mövcud böhranı aradan qaldırmır, əksinə ictimai-siyasi gərginliyi artırır, xalqın dövlətə inamını sarsıdır, hakimiyyətə nifrət və qəzəbi artırır. Milli Şura şəxsən ölkə başçısı İlham Əliyevə çağırış edir ki, indi onun rəvac verdiyi siyasəti tarixdə buna qədər yürütmüş heç bir rejimin ömrünü yaxşı sonluqla başa vura bilmədiyini unutmasın, nə qədər gec deyil, bu siyasətdən imtina etsin. Milli Şura həmçinin Azərbaycan xalqını və dünya ictimaiyyətini İlham Əliyev hakimiyyətinin bu anti-xalq və anti-bəşəri əməlini daha uca səslə pisləməyə, bu siyasətin durdurulması üçün güclü etiraz kampaniyası təşkil etməyə səsləyir,” sənəddə deyilir.

İlqar Məmmədov, 7sentyabr 2019
İlqar Məmmədov, 7sentyabr 2019

Ilqar Məmmədov: Sərt karantin rejiminin səbəbi müxalifət xofudur

ReAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, ən sərt karantin rejiminin tətbiqi haqda qərar çıxararkən hakimiyyət bunu daha çox müxalifətdən çəkinərək edib.

“Qorxublar ki, birdən ölüm sayı nisbətən çox olar və müxalifət bunu əlində bayraq edib xalqı hakimiyyətə qarşı küçələrə qaldırar.

Qorxublar ki, birdən ölüm sayı nisbətən çox olar və müxalifət bunu əlində bayraq edib xalqı hakimiyyətə qarşı küçələrə qaldırar.
İlqar Məmmədov, ReAL Partiyasının sədri

Halbuki, dünyada koronavirusa bir neçə cavab modeli sınanılır və bu modellərin hamısı elmə əsaslanandır. Çox yumşaq İsveç və Belarus modelləri var. Orada həyat demək olar öz axarı ilə davam edir, iqtisadiyyata, xalqın yaşayış səviyyəsinə elə bir təsiri yoxdur. Axırı nə olacaq bilinmir, amma hər halda o da bir yoldur.

Hakimiyyət daha yumşaq modeli əsaslandırıb sınaqdan keçirsəydi, biz onu qınayacaqdıq ki? Bilirik ki, dünyada heç kimin hazır cavabı yoxdur, hamı öyrənə-öyrənə düşünə-düşünə addım atır.

Təəssüf ki, bizdəki sərt karantin rejiminin səbəbi məhz müxalifət xofudur, ciddi elmi müzakirə deyil.

Həm də ona görə təəssüf edirəm ki, bu seçim iqtidar-müxalifət dialoqunun predmeti ola bilərdi, amma olmayıb. Dialoq zamanı daha mülayim koronavirus siyasətini hakimiyyət bizə təklif etsəydi, biz bu məsələdə onun sınamaq haqqını tamamilə dəstəkləyərdik. Amma daha olan olub,” ReAl lideri qeyd edib.

Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

Daxili İşlər Nazirliyi: Əqidəsindən asılı olmayaraq bütün insanlar hüquqazidd əmələ görə cavabdehlik daşıyır

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrinin təqib edilməsi barədə yaılna məlumatları təkzib edib.

Nazirlik bildirir ki, obyektivlikdən, sözsüz ki, kənar olan həmin iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.

Mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

"Xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət həvalə edilmiş polis, müvafiq sahədə üzərinə düşən vəzifələrlə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin təmini kimi gündəlik funksiyalarının icrasını da həyata keçirir.

Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb.

Müxalifət nümayəndələrinin təqib edilməsi iddiasina gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.

Polisin həyata keçirdiyi tədbirlər - məhz cəmiyyətin dinc həyatının, hər bir vətəndaşın sağlamlığının, hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasına xidmət edir," Daxili İşlər Nazirliyi bildirir.

XS
SM
MD
LG