Accessibility links

"Jurnalist həbsxanada 4 gündür aclıq edir,” Polad Aslanovun həyat yoldaşı bildirir


Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanov dörd gündür aclıq edir, o yanvarın 6-da aclığa başlayıb.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, jurnalist kassasiya şikayətinə baxılmasının artıq bir ildir gecikdirilməsinə, həbsinin qanunsuz olmasına etiraz olaraq aclığ edir.

Gülmirə Aslanova deyib ki, həyat yoldaşı Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə yazdığı müraciətlərə cavab ala bilməməsindən də narazıdır.

Aslanovanın sözlərinə görə, jurnalist hazırda 1 saylı Cəzaçəkmə Müəssiəsinin tibb məntəqəsinə yerləşdirilib və orada həkim nəzarətindədir.

“Bizə çatan məlumata görə, Aslanovun olduğu otağın qapısı ağzında nəzarətçi var və onunla məhbus yoldaşlarının görüşünə imkan verilmir. Səhhəti ilə bağlı da hazırda bir məlumata malik deyiləm. Sabah onunla telefonla danışmaq günümüzdür. Sabah telefon danışığımız baş tutsa səhhəti barədə məlumatım olacaq,” Gülmirə Aslanova qeyd edib.

Bununla yanaşı Penitensiar Xidmətdən hələ jurnalistin aclıq etməsı və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Aslanov bundan öncə cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərə son qoyulması tələbi ilə 2021-ci ilin iyun-iyul aylarında otuz günədək açlıq edib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG