Accessibility links

Jurnalist Polad Aslanov həbsxanada aclığa başlayıb


Polad Aslanov

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 1-dən həbsxanada aclıq aksiyasına başlayıb.

Bu barədə bu gün Bakı Apelliyasiya Məhkəməsində hakim Həsən Əhmədoun sədrliyi ilə başlayan məhkəmə prosesində Polad Aslanovun özü bildirib. .

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə deyib ki, Polad Aslanov apellyasiya şikayətinə baxılmasının uzadılmasına etiraz edib və obyektiv təhqiqat aparılmasını tələb edir.

O, həmçinin apellyasiya şikayətinə baxıldığı müddətdə ev dustaqlığına keçirilməsini tələb edir.

Bu günə təyin olunan məhkəmədə Polad Aslanov məhkəmə tərkibinə etiraz edib.

Gülmirə Aslanova qeyd edib ki, hakim apellyasiya şikayətinin yanvarın 18-də məhkəməyə daxil olduğunu bildirib.

Bunula belə məhkəmə baxışının olacağı ilə bağlı nə prokurara, nə də vəkilə bildiriş göndərilməyib.

“Dünən gecə saat 11-də Polad Aslanov bilib ki, bu gün onun məhkəmə prosesidir. O heç hazırlıqlı olmayıb. Biz onun aclğına etiraz etsək də, o bu gündən aclıq aksiyasına başladığını bildirib.“

Gülmirə Aslanova deyib ki, jurnalist məhkəmədə bir daha günahsız olduğunu bildirib.

“Mənim həbsim sifarişdir. Mənim həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bunları nəzərə alaraq işin ədalətli baxılmasını sizdən vətəndaş olaraq, xahiş və tələb edirəm,” məhkəmədə Polad Aslanov qeyd edib.

Xeberman.com saytının baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov ittihamların heç birini qəbul etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistlərin sərbəst buraxmasına çağırılır.

Şərhlərə bax

XS
SM
MD
LG