Həbsdə olan realliq.info saytının rəhbəri İkram Rəhimov dekabrın 28-dən başladığı aclığı artıq 6-cı gündür davam etdirir.
“İkram Rəhimovu hazırda saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslardan izolyasiya edərək təkadamlıq kameraya yerləşdiriblər. Onun səhhətində artıq ciddi problemlər yaranıb. Ayaqlarından biri hərkətdən qalıb, baş gicəllənmələri yaranıb, 7 kiloqram çəki itirib,” jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
Ailə üzvlərinin dediyinə görə, Rəhimov qanunusz həbsinə, barəsində çıxarılan məhkəmə qərarlarına və cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərə etiraz olairaq aclıq edir.
İkram yeməkdən imtina etsə də yeməkləri kamerada saxlayırlar. Bu da onda psixoloji gərginlik yaradırJurnalistin ailə üzvünün dediyindən sitat
“İkram 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. Cəzaçəkmə müəssisəsindəki durumla bağlı tənqidi mövqedən çıxış etdiyinə görə onu 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Burada isə o aclıq etsə də hər gün kamerasında yeməklər saxlayırlar. Məhbus aclıq elan etdikdə ona yemək təklif edilməli və imtina etdikdə yeməklər götürülməlidir. Lakin İkram yeməkdən imtina etsə də yeməkləri kamerada saxlayırlar. Bu da onda psixoloji gərginlik yaradır,” ailə üzvü bildirib.
Ailə üzvləri tələbləri yerinə yetirilməsə jurnalsitin aclığı ölənədək davam etdirəcəyini bildirib.
“Biz aclığı dayandırmasını xahiş etsək də onu inadından döndərə bilmirik. Hüquq müdafiəçilərini, yerli və beynəlxalq ictimaiyyəti İkrama dəstək olmağa çağırırıq,” jurnalistin ailəsindən Amerikanın Səsinə deyiblər.
Penitensiar Xidmət Rəhimovun aclıq aksiyasına hələ münasibət bildirməyib.
Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində insanların hər hansı təzyiqə məruz qoyulmadığını, məhbusların qanunvericiliyin tələbləri daxilində daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
2019-cu il iyunun 12-də məhkəmə Rəhimovu 5,5 il müddətinə azadlıqdan məhrum edib.
Jurnalist həbsini və barəsindəki məhkəmə qərarlarını sifarişli hesab edir. O buna etiraz olaraq həbsxanada dəfələrlə aclıq aksiyası keçirib.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul edib.
Dekabrın 18-də Ali Məhkəmə hakim Hafiz Nəsibovun sədrliyi ilə İkram Rəhimovun bəraətlə bağlı kassasiya şikayətini təmin etməyib.
Çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.
Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.
İkram Rəhimov prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov barəsində kəskin tənqidi məqalələr dərc etməklə məşhurdur.
Rəhimov məhkəmədə 2018-ci ilin oktyabrında Həsənovu tənqid edən açıq məktubu dərc etdikdən bir neçə saat sonra saxlanıldığını bildirib.