“Realliq.info” saytının baş redaktoru İkram Rəhimov dekabrın 23-də şərti olaraq azadlığa buraxılıb.
Bu barədə Rəhimovun özü bildirib.
Jurnalist deyib ki, cəzasının üçdə ikisini çəkdiyindən cəzanın qalan hissəsindən şərti olaraq azadlığa buraxılıb.
“İlk olaraq sifarişlə və qanunsuz həbs olduğum müddətdə mənə dəstək olan dostlara, həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu gün azadlığa qovuşmağımda əməyi olan insanların hər biri mənim üçün dəyərlidir. Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun şəbəkəsi - Mətbuat Şurasının idarə heyətinin bir çox üzvlərinin əməllərinin ifşası və onların "yox" olma prosesi artıq başlayıb və yaxın gələcəkdə hamılıqla yeni mübarizənin şahidi olacağıq,” o, Facebook səhifəsində yazıb.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə saxlanılıb, 2019-cu il iyunun 12-də məhkəmənin hökmü ilə 5 il yarım müddətinə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bəyan edib.
İkram Rəhimov "qanunsuz" cinayət təqibinə son qoyulması tələbi ilə 2019-cu il avqustun 7-dən aclığa başlayıb və 30 sutka sonra aclığı dayandırıb.
Həmin il sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədə yolu ilə pul almaqda günahını təsdiqləyib, lakin Cinayət Məcəsəlləsinin 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az müddətli cəza) tətbiq edərək həbs cəzasını 3 ilədək azaldıb.