Accessibility links

Jurnalist İkram Rəhimovun məhkəməsi başlayıb


İkram Rəhimov
İkram Rəhimov

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Vəkil Elçin Sadıqov martın 12-də keçirilən iclasda müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırmışdı. Hakim vəsatətin yazılı şəkildə təqdim edilməsini istəmişdi.

Martın 13-də təqdim olunan həmin vəsatət təmin edilməyib.

Məhkəmə prosesi martın 27-nə təyin edilib.

Bu cinayət işində zərərçəkmiş kimi 6 şəxs tanınıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi jurnalist barədə həbs qətimkan tədbiri seçib.

O, həbsindən öncə Azərbaycan prezidentinin köməkçisini tənqid etdiyinə görə izlənildiyini bildirib.

Prezidentin köməkçisi jurnalistin dediklərinə münasibət bildirməyib. Ancaq Mətbuat Şurası onun açıqlamalarını əsassız sayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılır.

İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib.

Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılıb.

XS
SM
MD
LG