Accessibility links

Vəkil: "Dövlət əleyhinə cümlələr varsa, heç olmasa birini göstərin"


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə prosesi davam edib.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Öncə Mustafa Hacıbəylinin adı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mustafa Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib. O, ittihamları rədd edir.

19 fevral iclasında məhkəmə Hacıbəylinin prosesin video və audioçəkilşi ilə bağlı vəsatətini təmin etməyib.

Sonra şahidlər - Zülfiyyə Babayeva və İlahə Xalidovanın ifadələri dinlənilib. Onlar bildiriblər ki, daimi iş yerləri yoxdur. Şahidlər deyib ki, saytdakı məqaləni oxuyunca narahat olublar, ona görə də prokurorluğa müraciət ediblər.

Mustafa Hacıbəylinin və vəkil Osman Kazımovun suallarını cavablandıran şahidlər deyiblər ki, onlar Gəncənin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyeyə sui-qəsd barədə məqalədən narahat olub. Lakin şahidlər onları narahat edən məqalədən bir cümlə belə xatırlaya bilməyib.

"Elmar Vəliyevə hücum olduğu yazılmışdı. Orada iğtişaşlara çağırışlar olub, ona görə də mən qorxdum", Babayeva deyib.

Mustafa Hacıbəyli deyib ki, Elmar Vəliyevlə bağlı məqalə ekspertizaya göndərilib. Lakin ekspert məqalədə qanun pozuntusunun olmadığına dair rəy verib, ancaq onu ittihama daxil etməyiblər.

"Görünür, şahidləri təlimatlandıranlar bilməyiblər ki, Elmar Vəliyevlə bağlı məqalə məhkəmə istintaqı predmeti deyil", o vurğulayıb.

Öz növbəsində vəkil Osman Kazımov təklif edib ki, məqaləni şahidə versinlər və o, "dövlət əleyhinə olan cümlələr" varsa heç olmasa birini göstərsin. Lakin hakim Hüseynov təklifi qəbul etməyib.

Hacıbəyli şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasını təklif edib. Hakim deyib ki, bu məsələyə sübutların dəyərləndirilməsi mərhələsində baxıla bilər. Hakim Mustafa Hacıbəyliyə qısa şəkildə "sual-cavab" formasında çıxış etməyi təklif edib. Lakin Mustafa Hacıbəyli razılaşmayıb və deyib ki, çıxış üçün ona minimum 1 saat lazımdır.

Bununla əlaqədar onun çıxışı növbəti iclasa, fevralın 21-nə qalıb.

XS
SM
MD
LG