Accessibility links

Jurnalist səkkizinci gündür aclıq edir


Həbsdə olan “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqov səkkizinci gündür aclığı davam etdirir.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

“Bu gün aclıq aksiyasının 8-ci günüdür. Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət etmişəm. Dünən axşam mənimlə əlaqə saxlayıblar. Dünən axşam Qırmızı Xaçdan Əfqanın yanında olublar. Onun səhhəti ilə bağlı maraqlanıblar, özü ilə danışıblar. Onlar deyib ki, hələ ki, səhhəti normaldı” - deyə, o bildirib.

Sevinc Sadıqova jurnalistin səhhətinin yaxşı olmadığını düşünür.

“Mən həyat yoldaşımla dünən danışmışam, onun təzyiqi çox aşağıdır. Qırmızı Xaçın nümayəndəsinə dedim ki, nəyə görə Əfqan tibb məntəqəsinə köçürülməyib? Siz maraqlandınız? O bildirdi ki, türmə rəisi deyib ki, Əfqan özü istəmir. Mən onlara sual verdim ki, türmə rəisi dedi, bəs siz Əfqandan soruşdunuzmu? Dedi ki, xeyir soruşmamışam. Mən Əfqandan soruşdum o dedi ki, rəsi köçürmür. Və o, 3 nəfərlik kamerada saxlanılır,” jurnalistin həyat yoldaşı əlavə edib.

Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələ şərh almaq mümkün olmayıb.

Jurnalist Əfqan Sadıqov noyabrın 4-də aclıq aksiyasına başlayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz edir.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaq iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG