Accessibility links

Jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına yenidən qadağa qoyula bilər


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Meydan TV-nin reportyoru jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına yenidən qadağa qoyula bilər.

Bu barədə Amerikanın Səsinə Sevinc Vaqifqızı bildirib.

O, bildirib ki, Bakı şəhərindəki 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.

Onun iddiasına 251 saylı məktəbdə üç seçki məntəqəsində səsvermə haqqında Meydan TV-də dərc edilmiş "2018-ci il seçkiləri: "Seçkilərdə "karusel"ə nəzarət edən direktor müavini" adlı süjet səbəb olub.

Yanvarın 14-də Vaqifqızı rəsmi məktubla məhkəmə qərarlarının icrası orqanının onun ölkədən çıxışına qadağa qoyulması tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etdiyi barədə məlumatlandırılıb.

Binəqədi rayon məhkəməsində yanvarın 24-nə proses təyin edilib.

Sevinc Vaqifqızı bildirib ki, ona qarşı iddialar əsassız və qanunsuzdur.

Jurnalistin sözlərinə görə, o, məhkəmənin təyin etdiyi pul təzminatını tam ölçüdə ödəyib.

Digər tələblərə gəlincə, o, artıq Meydan TV-dən videomaterialın bu nəşrə aid olduğu və onunla bağlı yalnız redaksiyanın qərar qəbul edə biləcəyi haqqında arayışı Binəqədi rayon icra şöbəsinə təqdim edib.

Öz növbəsində Meydan TV nəşrinin redaktoru Aynur Elgünəş isə Amerikanın Səsinə deyib ki, Sevinc Vaqifqızı heç kimə böhtan atmayıb, sadəcə olaraq faktları işıqlandırıb.

"İşə baxan hakimdən tutmuş Elmira Alandarovaya, ərinə, hətta bu adamlara dəstək verən hakimiyyət nümayəndələrinə qədər hər kəs bilsin ki, Meydan TV-də dərc olunan materiallar yayımlanan andan ona məxsus olur. Boş yerə jurnalisti incitməyin mənası yoxdur. Meydan TV nə sifarişlə material hazırlayır, nə də sifarişlə, istəklə material silir. Üstəlik, siz elə bir prinsipial jurnalisti incidirsiz ki, heç nə ilə istəyinizə nail ola bilməyəcəksiz"- deyə o bildirib.

Aynur Elgünəş hesab edir ki, bu məhkəmə təqibləri ilə onun sıxışdırılması isə ifadə azadlığı üçün təhdiddir.

Məsələ ilə bağlı hələlik qarşı tərəfdən münasibət almaq mümkün olmayıb. Lakin instansiya məhkəmələrində iştirak edən Elmira Alandarovanın nümayəndəsi hesab edir ki, jurnalist onun şərəf və ləyaqətini təhqir edib. O, Meydan.TV saytından, "Azadlıq" qəzetinin saytından materialın silinməsini, jurnalistin üzr istəməsini və "mənəvi ziyanın" ödənilməsi üçün 2500 manat cərimə edilməsini tələb edib.

Xatırlatma

İddiaçı tərəf olan direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Rayon Məhkəməsi baxmışdı. İddia qismən təmin olunmuşdu. Məhkəmə hesab etmişdi ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətə uyğun olmayan saymışdı.

Amma sonradan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirib və jurnalistin üzərinə 1000 manat cərimə ödəmək, videonu silmək, təkzib vermək və "üzr istəmək" öhdəliyi qoyub. Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Jurnalistə qarşı 2015-2019-cu illərdə Meydan TV-yə qarşı cinayət işi çərçivəsində ölkədən çıxma qadağası tətbiq edilib. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi bu qadağanın qanunsuz olduğu qənaətinə gəlib.

XS
SM
MD
LG