Accessibility links

Jurnalistin ailəsi İkram Rəhimovun aclığı davam etdirdiyini bildirir


İkram Rəhimov
İkram Rəhimov

Realliq.info saytının redaktoru İkram Rəhimov sentyabrın 18-dən həbsdə olduğu 1 saylı Bakı İstintaq Təcridxanasında başladığı aclığı davam etdirir.

Bu barədə İkram Rəhimovun ailəsindən Amerikanın Səsinə bildiriblər.

“İkram bu gün evə zəng etmişdi. O aclığı davam etdirdiyini, səhhətinin ağırlaşdırğını bildirdi. İkram aclığa başlaması ilə bağlı Penitensiar Xidmətə rəsmi müraciət etdiyini dedi,” ailə üzvü qeyd edib.

İkram Rəhimov: Quru aclığı ölənədək davam etdirəcəm
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Bununla yanaşı, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etməsi ilə bağlı xəbərləri Amnerikanın Səsinə təsdiq etməyib.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist məhkəmədə həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir,” o məhkəmədə qeyd edib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O, sentyabrın 4-dək aclığı davam etdirib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul etdib.

İkram Rəjimovun ailəsinin sentyabrın 20-də Amerikanın Səsinə təqdim etdiyi səs yazısında bildirilir ki, 29 gün aclıqdan sonra ona vəd verilib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi, prosesə sədrlik edən Rizvan Səfərov işə obyektiv baxaraq ədalətli qərar çıxaracaq və barəsində olan cinayət işi ləğv olunaraq bəraət hökmü veriləcək.

“Mən aclıq aksiyamı dayandıranda demişdim ki, ədalətli qərar olmasa daha sərt addım atıb, quru aclığa başlamaqla öz ölüm aksiyamı həyata keçirəcəm. Bu mövqeyimdən çəkinməmişəm və sentyabrın 18-dən quru aclığa başlamışam,” o qeyd edib.

Jurnalist həmçinin Azərbaycanda səfirlikləri olan demokratik dövlətləri, Avropa İttifaqını və digər beynəlxalq təşkilatları hüquqlarının bərpasına kömək etməyə çağırır.

Artıq çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.

Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.

XS
SM
MD
LG