Accessibility links

Jurnalistin cəzası ləğv edilməyib


Əziz Orucov
Əziz Orucov

Bakı şəhəri Nəsimi rayon Məhkəməsi "Kanal-13" internet televiziyasının təsisçilərindən Əziz Orucov üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi ilə bağlı iddiasını təmin etməyib.

Noyabrın 5-də hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Orucov islah olunduğunu sübut edə bilməyib.

Əziz Orucov bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcək.

Onun sözlərinə görə, qərar qərəzlidir və ədalətsizdir, "Kanal-13"ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.

Əziz Orucov deyir ki, bu, hakim Həsənovanın ona qarşı birinci qərəzi deyil: "Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi. O zaman məni polisə müqavimətdə ittiham edəndə dedim ki, həqiqəti bilmək istəyirsə, saxlandığım yerdə kamera görüntülərinə baxsın. Amma vəsatətimi təmin etmədi."

Məhkəmədə dövlət ittihamçısı Rauf Malışov deyib ki, Əziz Orucov "hələ islah olunaraq tərbiyələnməyib".

Əziz Orucov bildirir ki, bu ifadə onun ünvanına təhqirdir: "Mən heç vaxt nə cəmiyyətə, nə insanlara münasibətdə tərbiyəsizlik etməmişəm. Tərbiyəsizlik ədalətsizlik etməkdir, qanunları tapdalamaqdır."

Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışan Əziz Orucov ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, mütəmadi məhkəmə icraçılarıyla əlaqədə olmağa, onların çağırışlarına getməyə məcbur olduğunu söyləyir.

Əziz Orucov 2017-ci ilin mayında həbs edilib və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG